Bənzərinə də hörmət lazımdır
Sual: Qurani-kərimi oxuducuya, kassetə, VCD və ya CD-yə yazmaq caizdirmi? Toxunduqda hörmət lazımdırmı? Bunları dinləmək ibadət sayılarmı?
CAVAB
Bu kimi alətlərə Qurani-kərim yazmaq kağız üzərinə yazmaq kimidir. Maqnitofon, kaset və CD musiqi, mahnı, keyf, oyun və əyləncə üçün istifadə edilsə də, kağız da roman, açıq rəsm, əyləncə və əxlaqsız jurnallar üçün istifadə olunur. Qurani-kərim kağıza yazıldıqda Müshaf olur. Müshaf, Qurani-kərimi oxumağa, öyrənməyə və əzbərləməyə səbəb və vasitə olduğu üçün dəyərlidir. Kaset və digərləri Qurani-kərimin bənzərini eşidərək öyrənilməsinə və əzbərlənməsinə vasitə olur. Qurani-kərimi bu niyyətlə maqnitofon, CD və kasetə yazmaq caizdir. Bunlara da Müshafı-şərifə olduğu kimi hörmət etmək, bunlara başqa şeylər yazmamaq, yüksəyə qoymaq, üstünə bir şey qoymamaq, dəstəmazsız toxunmamaq, kafirlərə, fasiqlərə verməmək, başqa şeylər olan kaset və disklərin arasına qoymamaq, fisq, oyun, əyləncə yerlərində oxutmamaq lazımdır.
Qurani-kərim dinləmək üçün istifadə olunan oxuducu heç bir zaman fisq məclislərinə [günah işlənən yerlərə] aparılmamalı, bunlarda heç bir zaman haram olan çirkin şeylər çalınmamalıdır. Çalğı çalmaqda istifadə olunan bir maqnitofonun Qurani-kərim dinləmək üçün də istifadə olunması mahnı, muğam oxuyan fasiq bir hafizin oxuduğu Quranı dinləməyə bənzəyir ki, bu da caiz deyildir.
Qısası, içində Qurani-kərim olan disk və kasetlər Müshafı-şərif kimi dəyərlidir. Bunlara da hörmətsizlik olunmamalıdır. Həmçinin, bunlardan Qurani-kərimi dinləmək hafizdən dinləmək kimi sayılmır. Tam bənzərini dinləmək olur. Qurani-kərimi dinləmək savabı hasil olmaz. Çünki İbni Abidin həzrətləri buyurur ki:
Qurani-kərimi tilavət etmək [oxumaq] demək, şüurlu bir kimsənin Qurani-kərim oxuduğunu bilən insanın oxuması deməkdir. Bənzərini də hörmətlə dinləmək fərzdir. Kiçik uşağın şüursuz olaraq oxuduğunu dinləmək də lazımdır. (Rəddül-muxtar)
Bənzəri ilə ibadət olmazsa da oxunan Allah kəlamıdır, hörmət göstərmək lazımdır.