Namaz Qılmayanın Qəlbi
Sual: Bəzi insanlar heç ibadət etmədiyi və hər növ günahı işlədikləri halda “Mənim qəlbim təmizdir, sən qəlbə bax” deyirlər. Namaz qılmayanın qəlbi təmiz ola bilərmi?
CAVAB: Öncə qəlb ilə ürəyin tərifini bildirək! Qəlb sinəmizin sol tərəfindəki ət parçası deyildir. Buna ürək deyilir. Ürək heyvanlarda da vardır. Qəlb ürəkdə yerləşən bir qüvvədir. Görünməz. Lampada olan elektrik cərəyanı kimidir. Buna qəlb və ya könül deyirik. Könül insanlarda olur. Heyvanlarda olmur.
 Bədəndəki bütün əzalar qəlbin əmrindədir. Hiss üzvlərimizin qəbul etdiyi bütün məlumatlar qəlbdə toplanır. İnanmaq, sevmək, qorxmaq qəlbin işidir. Etiqad edən, yəni iman edən və kafir olan qəlbdir. Gözəl və pis əxlaqın yeri qəlbdir. Qəlbi təmizləmək üçün “Riyazət” və mübarizə lazımdır. Riyazətnəfsin arzularını etməməkdir. Nəfsimiz haramları, məkruhları arzu edər. Bunlardan qaçmaq lazımdır. Mübarizə nəfsin istəmədiyi şeyləri etmək deməkdir. Nəfsimiz yaxşılıq və ibadət etmək istəməz. Yaxşılıq və ibadət edərək qəlbi təmizləməlidir! Allahü təala dinləri, Peyğəmbərləri qəlbi təmizləmək üçün göndərdi. Qəlbi təmiz olan dinimizin əmirlərinə tabe olar və qadağan etdiklərindən qaçar.
 Namaz qılmayan və özünə fərz olan digər ibadətləri etməyən kimsənin qəlbi təmiz olmaz. Günah işləyənlərin qəlbi təmiz olmaz. Günah qəlbi qaraldır. Onsuz da namaz qılmamaq ən böyük günahlardan biridir. Hətta namaz qılmayana kafir deyən alimlər belə olmuşdur. Namaz qılmayanın, içki içənin qəlbi çox qaralar. Hər cür rəzaləti işlədikdən sonra “sən qəlbə bax” demək din cahillərinin sözüdür.
 Hədisi-şərifdə buyruldu ki: “Bir kimsə günah işlədiyi zaman qəlbində qara bir nöqtə hasil olur. Əgər tövbə edərsə o ləkə silinir. Tövbə etməyib təkrar günah işlərsə, o ləkə böyüyər və qəlbin tamamını örtər, qəlb qap-qara olur.” [Haraiti]
 İmamı Rəbbani həzrətləri buyurur ki: “Allahü təalanın əmirlərini etməmək qəlbin pozulmuş olmasındandır. Qəlbin pozulmuş olması səbəbi dinə tam inanmamaqdır. İmanın əlaməti dinin əmirlərini sevə-sevə yerinə yetirməkdir. [Namaz qılmayıb günah işləyənin “mənim qəlbim təmizdir, sən qəlbə bax” deməsinin nə qədər cahilcəsinə bir söz olduğu buradan da anlaşılır.] Qəlb sevgi yeridir. Sevgi olmayan Qəlb ölmüş deməkdir. Qəlbdə ya dünya sevgisi və ya Allah sevgisi olar. Allahı xatırlayıb ibadət edərək qəlbdən dünya sevgisi çıxarılanda qəlb təmiz olar. Bu təmiz qəlbə Allah sevgisi öz-özünə dolar. Günah işləyincə qəlb qaralar, xəstələnər, dünya sevgisi yerləşər və Allah sevgisi gedər. Qəlbin bu halı bir boş stəkana bənzər. Su doldurulduqda hava çıxar. Suyu boşaltdıqda hava öz-özünə dolar. Bir qabdakı hava çıxmadıqca içinə su girə bilməz. İçinə su doldurunca da bu suyu çıxartmadan başqa şey doldurulmaz. Qəlb də bardaq kimidir. Qəlbi Allah sevgisi ilə doldurmaq üçün başqa hər şeyi təmizləmək lazımdır. Bir qəlbdə iki və ya daha arıq sevgi olmaz. Qurani-kərimdə: “Allah, insanın daxilində iki qəlb yaratmamışdır” buyrulur. (Ahzab 4)
 Nəfsi-əmmarə dinə inanmaz. Bunun üçün nəfsi tərbiyə etmək, pisliklərdən təmizləmək və fəzilətlərlə doldurmaq lazımdır. Şəms surəsində “Nəfsini tərbiyə edən [pisliklərdən təmizləyib fəzilətlərlə dolduran] qurtuldu. Nəfsini günahda, dəlalətdə buraxan zərər etdi” buyruldu. (Şəms 9-10)
Hadikada buyrulur ki, haram işləyənlərin “sən qəlbimə bax, qəlbim təmiz” demələri yanlışdır. Özünü və Müsəlmanları aldatmaqdır. Ancaq dinin əmr və qadağalarına tabe olanın qəlbi təmiz olur. Peyğəmbər əfəndimiz “Günaha davam edənlərin zamanla qəlbi möhürlənir. O, artıq savab işləyə bilmir” buyurur. (Bəzzar)
 “Lə iləhə illəllah” kəliməsini çox söyləmək qəlbi təmizləməkdə çox təsirlidir. Hər gün müəyyən miqdarda oxumaq yaxşıdır. Dəstəmazlı və dəstəmazsız söylənilə bilər. (C.1, m.14)
 Rəbbimizin qəzəbini söndürmək üçün “Lə iləhə illəllah Muhammədün Rəsulullah” kəlməsindən daha faydalı gözəl bir şey yoxdur. Bu gözəl kəlimə Cəhənnəmə götürən qəzəbi söndürüncə daha kiçik olan başqa qəzəblərini əlbəttə söndürər. Bu gözəl kəlimə Qiyamət üçün ayrılmış olan 99 rəhmət xəzinəsinin açarıdır. Küfr qaranlıqlarını, şirk pisliklərini təmizləmək üçün bu gözəl kəlmədən daha qüvvətli heç bir yardımçı yoxdur. Bir kimsə bu kəlməyə inandıqda imanın zərrəsi hasil olar. (c.2, m.37)
 Allahı xatırlamağın, Lə iləhə illəllah deməyin faydalı ola bilməsi üçün dinimizə tabe olmaq şərtdir. Fərzləri və sünnətləri edərək haramlardan və şübhəlilərdən çəkinmək lazımdır. (m.190)
 Qəlbin Allahü təaladan başqa şeyləri sevməsi onu qaraldar, paslandırar. Bu pası təmizləmək lazımdır. Təmizləyicilərin ən yaxşısı sünnəti-səniyyəyə tabe olmaqdır. Sünnəti-səniyyəyə tabe olmaq nəfsin qəlbi qaraldan istəklərini yox edər.