Bu sümüyü xəzinələr ölçə bilməz
Halından çox yoxsul olduğu məlum olan bir nəfər qarmaqla balıq tuturdu. Təsadüfən oradan keçməkdə olan ölkənin padşahı bu yoxsul adamla maraqlandı və ona, “Qarmağına mən burada ikən ilk düşən şey nə olarsa, sənə onun ağırlığında qızıl verəcəm” dedi. Bir az sonra qarmağa ortası dəlik bir sümük ilişdi. Hökmdar balıqçıya, “Nə edək, bəxtin bu qədərdir, qarmağına ağır bir şey düşmədi” deyərək balıqçını da götürüb saraya döndülər.
Saraya çatanda adamlarına, balıqçıya əlindəki sümüyün ağırlığı qədər qızıl vermələrini əmr etdi. Sümüyü tərəzinin gözünə qoydular, o biri gözünə də qızıl qoymağa başladılar. Beş, on, iyirmi, əlli deyərək qızılları qoydular, amma sümük yerindən tərpənmirdi. Görünüşcə dörd-beş qızılı çətin dartar göründüyü halda, təxminlərinin on misli üzərində qızıl qoydular, sümük heç tərpənmədi də. Qızılı doldurmağa davam etdilər, tərəzinin gözü doldu daşdı amma sümük tərəfi yerindən tərpənmirdi ki, tərpənmirdi.
Bunda bir sirr olduğunu anladılar. Alim bir şəxs çağırıb, bu sirrin nə olduğunu soruşdular. O mübarək şəxs sümüyü əlinə alıb bir az baxdıqdan sonra dilləndi:
“Bu sümük, acgöz bir insanın göz çuxurudur. Siz bunu çəkmək üçün bütün xəzinəni qoysanız da yenə çəkə bilməzsiniz, yerindən tərpənməz. Çünki doymaz. Amma bir ovuc torpaq bunu doyurar. “
Belə ki, bir ovuc torpaq götürüb tərəzinin gözünə qoydu və sümük yuxarı qalxdı.