Osman Zinnureyn
Mələklərin belə həya etdiyi xəlifə.
Həzrəti Osman Müsəlman olmadan əvvəl ticarətlə məşğul olurdu.  Zəngin bir tacir idi.  Xalq arasında sevilən, sayılan bir kimsə idi. Etibarı yüksək idi. Həzrəti Əbu Bəkirin də yoldaşı, yaxın dostu idi. Əhəmiyyətli işlərini onunla məsləhətləşər, onun fikrini alardı. Cahiliyyə dövrünün pisliklərinə  bulaşmamışdı.
Peyğəmbər qızı olsa gərəkdir.
            Müsəlman olmasını belə danışır:
Mənim fərasət sahibi olan bir xalam vardı. Xəstələndiyi zaman ziyarətinə getmişdim. Mənə dedi ki:
—          Ey Osman!  Sən elə biri ilə evlənəcəksən ki,  nə o səndən əvvəl bir kişi görmüş olacaq,  nə də sən ondan əvvəl bir qadın görmüş olacaqsan. Bu qız  çox gözəl, həm də salihə biridir. Həmçinin bu qız Peyğəmbər qızı olsa gərəkdir.
Mən xalamın bu sözünə çox heyrət etdim. Çünki peyğəmbər olaraq bildiyim heç kim yox idi. Heç ortada belə bir şey yox ikən, xalam bunları haradan çıxartmışdı.  Bunu da bilirdim ki, xalam boş yerə söz deməzdi. Mənim heyrətlər içində ona baxdığımı görüncə söhbətinə belə davam etdi:
—          Narahat olma, O kimsəyə Cənabı-Haqqdan vəhy gəlməyə  başladı. Sən Onu tapmaqda çətinlik çəkməyəcəksən!
—          Ey xalam, həmişə sirr olan şeylər söyləyirsən,məni maraqlandırırsan.  Sözlərinə bir az aydınlıq gətir.
—          Muhamməd ibn Abdullaha peyğəmbərlik bildirildi. Artıq xalqı haqq dinə dəvətə başladı. Çox zaman keçməz ki, sən Onun dininə girib xilas olacaqsan. Onun dini bütün aləmi işıqlandıracaqdır.
Bu məsələ mənim zehinimi çox məşğul etməyə başladı. Hər əhəmiyyətli məsələdə fikrini aldığım Həzrəti Əbu Bəkirə getdim. Xalamın söylədiklərini ona eynilə bildirdim.  Mənə dedi ki:
—          Xalan doğru söyləyib. Ya Osman, sən ağıllı adamsan.  Heç görməyən, eşitməyən, fayda və ya zərər verməyən  şeyə necə tapınmaq olar? O necə  ilah olaraq qəbul edilə bilər?
—          Ya Əbu Bəkir, doğru söyləyirsən. Mən də bu məntiqsizliyin fərqindəyəm, ancaq çarə tapa bilmirəm.
—          Narahat olma, artıq bizə haqq yolu göstərən şəxs gəldi. Mən onun peyğəmbər olduğuna inandım, iman etdim.  Gəl səni də hüzuruna aparım, sən də iman et!
Cənnətə dəvət edər
 Birlikdə Rəsulullahın hüzuruna gəldik.  Mənə buyurdu ki:
—          Ya Osman, Haqq təala səni Cənnətdə qonaqlığa dəvət edir. Sən də bu dəvəti qəbul et! Mən bütün insanlara hidayət rəhbəri  olaraq göndərildim.
Rəsulullahın gülər üzlə çox səmimi bir şəkildə etdiyi bu dəvətindən sonra dərhal böyük bir şövqlə kəlimeyi şəhadət gətirib Müsəlman oldum.
Daha sonra Rəsulullaha Şama getdiyimdə gördüyüm yuxunu danışdım. Yuxumda, “Ey insanlar, oyanın! Əhməd Məkkədə zühur etdi” deyə  səs eşitmişdim. Sonra da Məkkəyə  gəlincə də, xalam mənə  Rəsulullah əfəndimizdən  xəbər vermişdi.
Həzrəti Osman çox səxavətli idi. Yaxşılıq etməyi, möhtac kimsələrin ehtiyaclarını qarşılamağı çox sevərdi. Gözəl hallarına görə Rəsulullah əfəndimiz onu çox sevərdi.
Peyğəmbər əfəndimiz Əshabının irəli gələnlərinin çoxunun olduğu bir yığıncaqda, söhbət buyurarkən:
—          Hər kəs dostunun yanına getsin, buyurdu.
Sən mənim sevdiyimsən
Hər kəs sevdiyi yoldaşının yanına getdi. Peyğəmbər əfəndimiz də Həzrəti Osmanı yanına çağırıb buyurdu ki:
—          Sən, dünyada və axirətdə mənim sevdiyimsən.
Həzrəti  Aişə buyurur:
Rəsulullah əfəndimiz bir gün istirahət edirdi. Bu sırada Həzrəti Əbu Bəkir içəri girmək üçün icazə istədi. İcazə verilib içəri girdi.  Rəsulullah heç halını dəyişdirmədi. Sonra, Həzrəti Ömər icazə alıb içəri girdi. Yenə halını dəyişdirmədi. Uzanmış vəziyyətdə ikən onlarla söhbət etdilər. Daha sonra Həzrəti Osman qapıya gəlib içəri girmək üçün icazə istədi. Peyğəmbər əfəndimiz qalxıb oturdular.  Həzrəti Osmanı bu şəkildə qəbul etdilər. Hamısı getdikdən sonra soruşdum:
—          Atam Əbu Bəkir və Həzrəti Ömər içəri girdiklərində  heç halınızı pozmadınız. Amma Həzrəti Osman içəri girən kimi oturdunuz.  Bunun səbəbi nədir?
—          Mələklərin həya etdikləri bir kimsədən mən necə həya etməyim.
İbni Məsud həzrətləri deyir:
Bir gün döyüşdə Rəsulullah ilə birlikdə idim. Ərzaq qurtarmışdı, əsgər çətinlik içərisində idi.  Rəsuli-əkrəm bu hala vaqif olunca buyurdu ki:
—          Allahu təala sizə günəş batmadan ruzi göndərəcəkdir.
Həzrəti Osman bu sözü eşidincə,  “Rəsuli-əkrəmin hər sözü şübhəsiz doğru çıxar” deyə düşünüb,  yemək axtarmağa getdi. Bu ruzinin gəlməsinə səbəb olmaq və Rəsulullahı məmnun etmək istəyirdi.
Bunlar nədir?
Bir yerdə dörd dəvə yükü ərzaq tapdı. Bunu yüksək qiymətlə satın alıb Rəsulullahın hüzuruna gətirdi.  Peyğəmbər əfəndimiz Həzrəti Osmandan soruşdu:
—          Ya Osman! Bunlar nədir?
—          Osmandan  Allahu təalanın  Rəsulunə hədiyyədir.
Seyyidi Kainatın buyurduqları gecikmədən yerinə yetincə möminlər sevindilər, münafiqlər kədərləndilər. Sərvəri-aləm həzrətləri mübarək əllərini açıb, belə dua etdi:
—           Ya Rəbbi! Osmana çox  mükafat ver.
Həzrəti Osman möhtac olanlara bol-bol yemək yedirərdi. Amma özü evdə sirkə və zeytun yağı yeyərdi. Yola çıxarkən dəvəsinin arxasına köləsini də götürərdi. Peyğəmbər əfəndimiz belə dua buyurmuşdur:
—          Ya Rəbbi! Osmanın keçmiş və gələcək gizli və açıq bütün günahlarını bağışla.
Müsəlmanlar Mədinəyə hicrət etdikləri zaman su  sıxıntısı vardı. Roma quyusundan başqa içiləcək su yoxdu. Bu quyu da bir Yəhudiyə aid idi. Yəhudi Müsəlmanları çətin vəziyyətdə saxlamaq üçün quyudan hər zaman su vermirdi. Verdiyi  günlərdə də çox yüksək  qiymətlə satdığı üçün  hər kəs ala bilmir,  kasıb Müsəlmanlar çox çətinlik çəkirdilər.
Cənnəti müjdələyirdi
Peyğəmbər əfəndimiz bu vəziyyəti gördükcə kədərlənirdi. Quyunu satın alıb Müsəlmanlara səbil (su paylayan) edəcək kimsənin Cənnətdə qarşılığını qat-qat alacağını müjdələyir, açıqca Cənnəti vəd edirdilər. Bu müjdəni eşidən Həzrəti Osman, dərhal Yəhudinin yanına gedib bazarlığa başladı. Yəhudi Müsəlmanların məcbur olaraq bu quyunu satın alacaqlarını bildiyi üçün ödənməsi mümkün olmayan bir qiymət istədi. Bu vəziyyətə Həzrəti Osman çox kədərləndi. Amma nə olur olsun bu quyunu satın alaraq Rəsulullahı məmnun etmək istəyirdi. Yəhudiyə dedi ki:
—          Sənin dediyin  qiymətlə bu quyunu mən ala bilmərəm. Sənə bir təklifim var.  Gəl səninlə birlikdə ortaq şəkildə bu quyunu işlədək. Beləcə quyu əlindən çıxmamış olar. Quyunun yarı hissəsini mənə sat. Bir gün sən, bir gün mən quyunu işlədək.
Yəhudi, işin nəticəsinin hara çatacağını anlaya bilmədi. Təklif çox xoşuna gəldi. On iki min  dirhəmə quyunun yarı hissəsini verdi. Quyunun başında bir gün Yəhudi, digər gün Həzrəti Osman dayanıb su verirdilər. Müsəlmanlar sıra Həzrəti Osmana gəldiyi vaxt o günün  ehtiyacını aldıqları kimi sabahısı günün ehtiyaclarını da  doldurub gedirdilər.
Bu səbəbdən ötəri sabahısı Yəhudiyə gələn olmurdu. Yəhudi oyuna gəldiyini anladı. Amma iş işdən keçmiş oldu. Sonra gəlib quyunun digər yarısını da eyni qiymətlə Həzrəti Osmana satmaq istədi. Amma Həzrəti Osman qəbul etmədi. Bir müddət sonra yenidən gəlib daha aşağı bir qiymət təklif etdi. Həzrəti Osman yenə qəbul etmədi. Bilirdi ki, Yəhudi məcbur olaraq bu quyunu satacaqdı. Çünki başqa çarəsi yox idi. Daha sonra Yəhudinin  israrına dözə bilməyərək ucuz bir qiymətlə digər yarısını da satın aldı. Beləcə quyunun hamısı  Müsəlmanların ehtiyacları üçün səbil edildi. Peyğəmbər əfəndimiz bu xəbərə çox sevinib Həzrəti Osmana xeyir dua etdi.
Hər addımına bir kölə
Həzrəti Osman hər fürsətdə Peyğəmbər əfəndimizi məmnun etmək, Onun mübarək duasına məzhər olmaq üçün fürsət axtarardı. Bir gün Həzrəti Osman Rəsulullah əfəndimizi evinə dəvət etdi. Rəsulullah buyurdu ki:
—          Yalnız məni dəvət edirsən?
—          Əshabı-kiram da dəvətlidir.
Peyğəmbər əfəndimiz Bilali Həbəşi həzrətlərini bütün Əshabına xəbər verməsi üçün göndərdi. Özü də Həzrəti Əli ilə Həzrəti Osmanın evinə doğru getməyə başladı.
Həzrəti Osman arxadan Peyğəmbər əfəndimizin addımlarını  sayırdı. Rəsulullah bunu sezib, səbəbini soruşduqda, cavabı verdi ki:
—          Ya Rəsulullah! Hər addımınıza bir kölə azad edəcəyəm.
Dəvətdən sonra da, saydığı addım  qədər kölə azad etdi.
Həzrəti Ömərdən sonra üstünlük sırası Həzrəti Osman Zinnureynə gəlir. Onun xilafəti də ümmətin söz birliyi ilə sabitdir.
Müsəlman olduqdan sonra Peyğəmbərimizin qızı Ruqayyə ilə evləndi.  Peyğəmbərimizin qızları Ruqayyə və Ümmü Gülsüm daha əvvəl Əbu Ləhəbin oğulları Utbə və Uteybə ilə nişanlanmışdılar. Peyğəmbərimiz insanları Müsəlman olmağa dəvətə başlayınca Əbu Ləhəb düşmənlik etməyə başladı. Oğulları da düşmənlik edib Rəsulullahın qızlarını almaqdan imtina etdilər. Beləcə Rəsulullahı  sıxıntıya salmaq istədilər.
Osmana  verərdim
Bundan sonra vəhy gələrək Ruqayyə Həzrəti Osmana kəbin edildi. Ruqayyə  Bədir döyüşündən sonra vəfat edincə Peyğəmbərimizin digər qızı Ümmü Gülsüm də Həzrəti Osmana kəbin edildi. Bu baxımdan ona Peyğəmbərimizin iki qızı ilə evlənmə nemətinə qovuşmuş olduğu üçün, iki nur sahibi mənasına gələn “Zinnureyn” deyilmişdir.
Rəsulullah əfəndimiz ona bir-birinin ardınca iki qızını vermişdir. İkinci qızı vəfat edincə;
—          Bir qızım daha olsaydı, onu da Osmana verərdim, buyurmuşdur.
İkinci qızını verdiyi zaman Həzrəti Osmanı çox  mədh etmişdi.  Toydan sonra qızı dedi ki:
—           Ey mənim gözümün nuru atam! Həzrəti Osmanı çox mədh etdiniz. Buyurduğunuz qədər deyil.
Cavabında Rəsulullah əfəndimiz qızına buyurdu ki:
—          Ey mənim qızım! Osmandan göydəki mələklər həya edərlər. Ey canım qızım, Osmana çox hörmət göstər. Çünki, Əshabım arasında əxlaqı mənə ən çox bənzəyən odur.
Başqa bir zaman da:
—          Mən Allahu təalanın hüzurunda, Osmanın düşmənlərinin düşməniyəm, onlara qarşıyam, buyurdu.
Bir başqa zaman da:
—          Bütün peyğəmbərlər, həyatlarında bir kimsə ilə fəxr etmişdir. Mən də Osman ibn Affan ilə fəxr edirəm, buyurdu.
Rəsulullah, Həzrəti Osmandan nifrət edən bir nəfərin cənazə namazını qılmamışdır.
Haqqında ayə nazil oldu
İslamiyyət yayılmağa başlayınca, hər tərəfdə Müsəlmanlar çoxalıb Mədinəyə  gəlirdi.  Peyğəmbərimizin məscidi dar gəlməyə başlamışdı. Rəsulullah əfəndimiz bu məsələyə buyurdu ki:
—          Bizim məscidimizi bir  miqdar genişlədən Cənnətə gedər.
Həzrəti Osman dedi ki:
—          Ya Rəsulallah, malım mülküm sənə fəda olsun! Məscidi genişləndirmə işini üzərimə  alıram.
Məscidi 40 zra yəni 20 metr genişlətdi və bütün  xərclərini qarşıladı. Bunun üzərinə, “Allahın məscidlərini ancaq Allaha, axirət gününə inanan namaz qılan,  zəkat verən və yalnız Allahdan qorxan kimsələr təmir edər. İşdə hidayət üzrə olanlardan olduqları  ümid edilən  bunlardır” məalindəki Tövbə surəsi 18-ci ayəsi nazil oldu.
Həzrəti Osman, Peyğəmbər əfəndimizin vəhy katiblərindən idi. Gözəl yazar, gözəl danışardı. Xitabəti qüvvətli idi. Quranı-kərimi çox oxuyurdu. Əzbəri çox yüksək dərəcə idi. Namazda  bir  rükətdə bütün  Quranı-kərimi oxuyan dörd  adamdan biri də Həzrəti Osmandır.  Çox oxuduğu üçü əlində iki mushaf köhnəlmişdi.
12 il xilafət məqamında qalan Həzrəti Osman, çox cəsur idi. Heç bir fəlakət qarşısında sarsılmadı. Bunun üçün xəlifəliyi çox müvəffəq keçmişdir. Xüsusilə xəlifəliyinin ilk illəri, İslam tarixinin qızıl illəri olmuşdur. Dövründə bir çox yerlər fəth edilmişdir. Xorasan, Hindistan, Maveraünnehir, Qafqaz, Kipr adası və Şimali Afrikanın bir çox yerləri Onun dövründə İslam torpaqlarına qatılmışdır.
Rəsulullah əfəndimiz xəbər verdi
Həzrəti Osman, hər kəsə layiq olduğu vəzifəni verərdi. Onun təyin  etdiyi valilər,  əsgərlikdə və məmləkətləri fəth etməkdə, ən seçmə kimsələr idi. İslam məmləkətləri qərbdə İspaniyaya, şərqdə, Qabil və Belhə qədər  genişləndi.
Bir gün Rəsulullah əfəndimiz, Əshabı-kirama meydana gələcək fitnələrdən söhbət edirdi.  O sırada özünü örtmüş bir adam keçirdi. Sərvəri-aləm buyurdu ki:
—          O fitnə günü bu şəxs hidayət üzrə olacaqdır.
Qalxıb o şəxsə baxdılar. Osman ibn Affan idi.
O şəxsi Rəsulu-əkrəmə göstərərək dedilər ki:
—          Ya Rəsulullah. Budur?
Rəsulullah əfəndimiz buyurdu ki:
—          Bəli
Yenə eyni xüsusda Həzrəti Aişə Siddiqədən rəvayət edilən hədisi-şərifdə buyurulmuşdur ki:
 “Ya Osman! Allahu təala sənə xilafət deyilən bir köynək geydirəcək. Əgər münafiqlər onu əynindan çıxartmaq istəsələr, mənə qovuşana qədər əsla onu çıxarma!”
Bu hədisi-şərif səbəbiylə Həzrəti Osman mühasirə edildiyi zaman xəlifəlikdən çəkilməmişdir.
Xəlifəliyi zamanında ədalət ilə davranmağa çox diqqət edərdi. Bir gün bir gəncin qulağını çəkdi. Gəncin qulağı ağrıdı və belə dedi:
—          Əfəndim, hər kəsin bir-birindən haqqını alacağı qiyamət gününü düşünün.
Mənim qulağımı çək
Bu söz Həzrəti Osmana çox təsir etdi. Buyurdu ki:
—          Ey gənc, sən də mənim qulağımı çək, ödəşək.
Gənc Həzrəti Osmanın qulağını çəkdi. Həzrəti Osman:
—          Bir az daha çək, buyurunca, gənc dedi ki:
—          Siz Qiyamət gününü  düşünərək qorxdunuz. Mən də o günkü  hesabdan qorxuram.
Həzrəti Osman buyurdu ki:
—          On şey hədər olmuşdur: Sual soruşulmayan alim, əməl edilməyən elm, qəbul edilməyən doğru fikir, istifadə edilməyən silah, içində namaz qılınmayan məscid, oxunmayan mushaf, Allah yolunda paylanmayan mal, minilməyən vasitə, dünyanı istəyənin içindəki zühd (halalların artığını tərk etmək) elmi,  içində axirət səfəri üçün azuqə yığılmayan  uzun ömür.
Həzrəti Osman zamanında İslam dünyası çox genişləndi. Bütün Ərəbistanı, Afrikanın böyük bir qismi, İraq, Hindistan, Çin, Buxara, Türküstan, İran İslamın idarəsi altına girdi. İslam bayrağı İstanbul  divarları önünə qədər aparıldı.
Fəth edilən yerlərdəki xalq sevə-sevə  Müsəlman olurdu.  Beləcə Müsəlmanların sayı milyonlara çatmışdı. Müsəlmanların bu qədər çoxalması, hər millətdən insanın olması  səbəbiylə, qarışıqlıqlar da baş qaldırmağa başladı. Münafiqlər Müsəlmanların arasına fitnə toxumları əkməyə başladılar.
İbn Səba edirdi
Yəhudilər və digər İslam düşmənləri Müsəlmanları bir-birinə salmaq üçün əl birliyi ilə gecə-gündüz çalışırdı. Bunların başçılığını da Yəmənli bir Yəhudi olan Abdullah ibn Səbə edirdi.
On üç minlik bir soyğunçu ordusu Mədinəyə qədər gedib  xəlifəni hakimiyyətdən salmaq istədilər. Həzrəti Osmanın evini mühasirə etdilər. Həzrəti Həsən, Həzrəti Hüseyn, Həzrəti Talha, Həzrəti Osmanın qapısında keşik tuturdular. Həzrəti Osman evini saran üsyankarlara səslənib dedi ki:
Başçılarınızdan iki adam mənim yanıma gəlsin! İstədiyi iki adam gəlincə onlardan soruşdu:
—          Rəsulu-əkrəm əfəndimiz Mədinəyə təşrif etdiyi vaxt Müsəlmanlar susuzluqdan əziyyət çəkirdi.  Peyğəmbər əfəndimiz Roma quyusunu satın alıb Müsəlmanlara pulsuz su verən kimsəyə Cənnəti vəd etdi.  Bu vəd üzərinə quyunu satın alıb Müsəlmanlara vəqf edən mən  deyiləmmi?
—          Bəli sən idin.
—          Sıxıntıda qalan, İslam ordusunun hamısını təchiz  edən mən deyiləmmi?
—           Bəli sən idin.
—          Məscid dar gəldiyi vaxt, Rəsulu-əkrəm əfəndimiz, “Cənnətdə daha xeyirlisini almaq üçün,  filankəsin torpağını kim alıb  məscidə əlavə edər” buyurduğu vaxt  onu satın alıb  məscidə daxil edən mən deyiləmmi?
—          Bəli sənsən.
—          Rəsulu-əkrəm, Əbu Bəkir, Ömər və mən Səbir dağında oturarkən dağ yellənməyə başladığı vaxt, “Ey Səbr dağı dayan. Çünki sənin üstündə bir Peyğəmbər, bir siddiq və iki şəhiddən başqa kimsə yoxdur!” buyurmadımı?
—           Vallah doru söyləyirsən. Eynilə elə oldu.
Fitnədən qoru
 Həzrəti Osman, “Allahu əkbər” deyə təkbir aldı. Sonra:
—          Şahid olun ki, mən şəhidəm, buyurdu.
Bu sırada üsyankarlar divarı atlayaraq içəri girdilər. Həzrəti Osmanı Quranı-kərim oxuyarkən, hücum edib şəhid etdilər. Son nəfəsini verərkən belə dua etdi:
—          Ya Rəbbi, Ümməti Muhammədi ayrılıqdan, fitnədən qoru!
Bunu üç dəfə təkrarladı.
Əshabı-kiramın böyüklərindən Abdullah ibn Səlam  həzrətləri deyir:
“Mühasirə əsnasında, Həzrəti Osmanın yanına getdim. Mənə bunu danışdı:
Bu gecə yuxumda, bu pəncərədən Rəsulu-əkrəm əfəndimizi gördüm. Aramızda bu söhbət keçdi:
—          Osman səni mühasirə etdilər eləmi?
—           Bəli, ya Rəsulallah!
—          Səni susuz qoydular eləmi?
—          Bəli, ya Rəsulallah!
 
İftarı bizimlə et
 Sonra Rəsulullah əfəndimiz mənə bir fincan  su verdi və mən bu suyu içdim. Sinəmdə soyuqluğunu hələ hiss edirəm. Mənə buyurdu ki:
—          İstəyirsən səni onlara qalib gətirək və ya istəyərsən iftarı bizim yanımızda et!
—          Ya Rəsulullah, mən sizin yanınızda iftarı etməyi seçərəm.”
Abdullah ibn Səlam həzrətləri Həzrəti Osmanın yanından çıxdıqdan sonra üsyançılar dedi ki:
—          Tarixdə öldürülən bir peyğəmbər üçün yetmiş min əsgər öldürülmüşdür. Öldürülən hər xəlifə üçün də on beş min adam  öldürülmüşdür.  Gəlin bu işdən imtina edin! Yoxsa axirətdə bunun cəzasını çox  şiddətli olaraq çəkəcəksiniz! Ayrıca Həzrəti Osmanın üzərinizdə çox haqqı vardır.
Ancaq üsyankarlar sözünə qulaq asmadılar, hələ onu təhqir də etdilər.
Həzrəti Osman, bir uşaq doğulduğu vaxt, onu yeddinci gün qucağına alardı.
Özünə bunun səbəbi soruşulduğunda bu cavabı verdi.
—          Qəlbimə onun sevgisinin düşməsini istəyirəm. Əgər ölərsə göstərəcəyəm səbir və  mətanətdən görə alacağım savab daha böyük olar.
Birə yeddi yüz verənə verdik
Bir dəfə Mədinədə qıtlıq vardı. O sırada Həzrəti Osmanın Şamdan yüz dəvə yükü buğda karvanı gəlmişdi. Əshabı-kiram satın almaq üçün yanına getdilər. Həzrəti Osman dedi ki:
—          Sizdən daha yaxşı alıcım var və sizdən daha çox verən var, ona verəcəyəm.
Əshabı-kiram vəziyyəti Həzrəti Əbu Bəkirə bildirib dedilər ki:
—          Qıtlıq zamanında belə etməsi uyğundurmu?
Həzrəti Əbu Bəkir buyurdu ki:
—          Həzrəti Osman Rəsulullahın kürəkəni olmaqla şərəf qazanmışdır və  Cənnətdə onun yoldaşıdır. Siz onun sözünü səhv anladınız, birlikdə gedək öyrənək.
Həzrəti Əbu Bəkir, Həzrəti Osmanın yanına gedib vəziyyəti izah edərək buyurdu ki:
—          Ya Osman, Əshabı-kiram sənin bir sözünə kədərləndilər.
Həzrəti Osman bu cavabı verdi:
—          Bəli ey Rəsulullahın xəlifəsi, onlardan yaxşı alıcı olan, birə yeddi yüz verir. Onlar birə yeddi verir. Biz buğdanı  birə yeddi yüz  verib alana verdik.
Bundan sonra yüz dəvə yükü buğdanı Mədinədə olan kasıblara, Əshabı-kirama  pulsuz payladı. Yüz dəvəni də kəsib kasıblara yedirdi. Həzrəti Əbu Bəkir bu işə çox sevinib Həzrəti Osmanın alnından öpdü.