Qurani-kərim və balıq
Sual: Hədislərə və məzhəbimizin hökmünə baxmadan balıq yeməyin caiz olduğu Qurandan aydın ola bilər?
CAVAB
Yalnız Qurana baxaraq anlamaq qeyri-mümkündür. Qurani-Kərimdə məalən buyurulur ki:
“Təzə ət yeməyiniz və zinət çıxartmağınız üçün dənizi əmrinizə verən Odur” (Nəhl 14)
Hənəfi məzhəbinə görə təzə ət deyərkən yeyilməyən dəniz heyvanları deyil, yalnız balıq və balıq şəklində olanlardır.
Hansı heyvanların necə yeyiləcəyi də belə bildirilir:
“Murdar, qan, donuz əti və Allahdan başqası adına kəsilənlər sizə haram edildi.  Hələ ölmədən kəsdiyimiz xaric, boğulmuş, vurulmuş, düşmüş, buynuzlanmış və canavar tərəfindən parçalanmış heyvanlar haramdır.” (Maidə 3)
Davamındakı ayədə də, kəsərkən Allah adının xatırlanması, yəni Bəsmələ çəkilməsi bildirilir.
Murdar, boğazlanmadan, dinə uyğun kəsilmədən ölən heyvandır, leşdir. Bir heyvan o birini öldürərsə, dinə uyğun boğazlanmadığı üçün yeyilməz. Ayəyə baxan zaman, balığın da boğazlanması lazım olduğu aydın olur. Amma balıqları heç kim kəsmir. Üstəlik bəsmələ çəkmədən də tutula bilir. Ayədən anladığımıza görə hərəkət etsək, balığı kəsmədən və Bəsmələ çəkmədən yemək caiz olmaz. Ancaq Peyğəmbər əfəndimiz açıqlayır, “Balıqları kəsmək lazım deyil” hətta “ Bəsmələ çəkmək də lazım deyil” buyurur.
Balıqları dinamitlə və ya başqa bir şeylə öldürəndə yenə yeyilir. Hətta bir balıq o birini yesə, hər iki balıq da yeyilir. Halbuki, aslan bir maralı parçalasa, o maral yeyilməz. Peyğəmbər əfəndimizin açıqlaması olmadan bunları Qurani-Kərimdən anlamaq mümkün olmaz.
Ayədə qanın da haram olduğu bildirilir. Dalaq da qandır. Ayədə baxaraq dalaq yeməyin də haram olduğunu söyləyən cahillər olmuşdur. Peyğəmbər əfəndimiz iki qanın halal olduğunu bildirmişdir. Bu iki qanın biri dalaq, o biri də ciyərdir.
Peyğəmbər əfəndimiz, “Dənizin suyu təmizdir, murdarı (bir səbəblə öldürülmüş olanı) halaldır” və “Özbaşına ölən, su üstünə çıxan balığı yemə, su çəkildikdən sonra açıqda qalaraq ölmüşsə onu ye! Belə bir səbəblə dənizdə öləni də ye!” buyurdu.
Suyun içində özbaşına ölüb, qarnı üst tərəfdə dayanan balıq yeyilməz. Lakin, cərəyan, tor, dərman, zəlzələ, dinamit və ya hər hansı bir maddəylə ölən hər balıq yeyilir. Suyun çəkilib quruması ilə, çox istidən və ya çox soyuqdan ölən balıq və ya quşlar tərəfindən öldürülən, su içində bağlı saxlanılmaqla ölən, buz arasında sıxışaraq ölən balıqlar yeyilir. Dəniz içində ölən və ya sudan çıxarılmadan çomaqla vurulub öldürülən və ya bıçaqla başı kəsilən balıqlar yeyilir. Təmiz olmayan suların içindəki balıqları yuyub yemək caizdir. Ovlanan bir balığın içindən çıxan balıq, sağlamdırsa yeyilir.
Sual: Bəsmələsiz tutulan balıq yeyilir?
CAVAB
Balıq tutanın Müsəlman olması və Bəsmələ ilə tutması şərt deyil.
Sual: İçini təmizləmədən kilkə balığını qurudur, sardinanın də şorabasını düzəldirik. Belə balıqları yeməkdə zərər vardır?
CAVAB
İçini təmizləmək lazımdır. (Tahtavi)
Sual: Suda ölən balığı yeməkdə bir zərər vardır?
CAVAB
Balıq özbaşına ölmüşsə xəstəlikdən ölmüşdür, yeyilməz. Amma bir yerə sıxışaraq və ya buz arasında qalaraq, ya da elektiriklə filan ölmüşdürsə yeyilir.
Sual: Qarmaqla balıq tutmanın dinimizdə hökmü nədir?
CAVAB
Qarmaqla balıq tutmaqda zərər yoxdur. Dinamitlə və s. öldürmək caizdir. Bıçaqla kəsərək öldürülsə də yeyilir. Qoyunları da bıçaqla kəsmək onlara əziyyət olmaz.
Sual: İçi təmizlənmədən düzəlmiş konservanı sonradan yeyərkən içi təmizlənərsə yemək caizdir?
CAVAB
Bəli caizdir. İçi təmizlənmədən bişirilən balıq yeyilməz. Lakin şorabasının içi təmizlənərək yeyilir.
Sual: Balıq canlı ikən başını kəsib təmizləmək caiz olar?
CAVAB
Ölmədən əvvəl başını kəsmək uyğun deyildir. Kəsilərsə də yemək caizdir.
Sual: Dərmanla öldürülən balığı yemək caizdir?
CAVAB
İnsana zərər verməzsə caizdir.
Kürü
Sual: Balıqdan çıxan kürü yeyilir?
CAVAB
Yeyilir. (Bəriqa)