Şübhəli qidaları yemək
Sual: İçində donuz yağı olma ehtimalı olan qidaları yemək caizdir?
CAVAB
Bəzi insanlar bazardakı qida maddələrində donuz yağı və içkilərdə  spirt ola bilər, qəssabdakı ət bəsmələsiz kəsilə bilər düşüncəsiylə vəsvəsəyə düşürlər.
İmamı Qəzali həzrətləri buyurdu ki:
Haram olma şübhəsi olan şeylərdən də çəkinməli, çünki hədisi-şərifdə, “Şübhəlilərdən çəkinən, dinini, namusunu qorumuş olar. Şübhəlilərin ətrafında gəzən, harama düşə bilər” buyuruldu, lakin yemək və içkilərdə şübhə edib yeməmək, təqva deyil, vəsvəsədir. Məsələn dinimiz, “Haram olduğu bilinməyən şeyləri yeyin” buyurur. Bəlkə o haramdır, amma biz bilmədiyimiz üçün günah olmur. “Haram olduğu bilinməyənləri yeməyin” buyurmur. Çünki bunu hər zaman təsbit etmək qeyri-mümkündür. Rəsulullah əfəndimiz bir müşrikin, Həzrəti Ömər də bir xristianın,  bəlkə də nəcis olan qabından dəstəmaz almışdır. Əshabı-kiram, müsəlman olmayanların verdiyi suları içərlər, onların satdığı ət, pendir kimi qidaları alardılar. Halbuki murdar, nəcis olan şeyləri yemək haramdır. Kafirlər isə əksərən pis olarlar. Əlləri, qabları şərablı olar. Heyvanı Bəsmələsiz kəsərlər. Əshabı-kiram, bunlara baxmayaraq nəcis olduğunu qəti bilmədikləri üçün, vəsvəsə etməyib, bu növ qidaları yeyərdilər. (Əhya)
İmam Qastalani həzrətləri buyurdu ki:
“Peyğəmbər əfəndimiz Xeybərdə Əshabı-kiramla bir yəhudinin zəhərli kababından bir tikə yedikdən sonra, “Bu ət, mənə zəhərli olduğunu söylədi”  buyurub daha yemədi və son xəstəliyində, “Xeybərdə yediyim zəhərli ətin ağrısını hələ hiss edirəm” buyurdu.” (Məvahib)
Rəsulullah əfəndimiz bir yəhudinin çörəyini və kərə yağlı yeməyini təmizmi deyə soruşmadan yemişdir. Bu donuz yağımı, qoyun yağımı, çörəyin xəmiri su ilə mi, yoxsa şərab ilə yoğuruldu deyə soruşmamışdı. Müşrik qadının su qabından dəstəmaz almışdı. Bunlar, araşdırmanın lazım olmadığına bir dəlildir.  (Bəriqa)
İmam Rəbbani həzrətləri buyurdu ki:
“Kafirlərin bədənləri deyil, inancları pisdir. Qurani-Kərimdə, “Əhli kitabın (Yəhudi və Xristianın) bişirdiklərini (və kəsdiklərini) yemək halaldır” buyuruldu. (Maidə 5)
“Kafirlərlə alver edən Müsəlmanları pis bilməmək, bunların yemək və içkilərindən çəkinməmək lazımdır! Bu hal ehtiyat deyil, bu haldan xilas olmaq ehtiyatdır.” (Məktubat 3/22)
Kafirlər qidalarımıza nəcis qata biləcəkləri kimi, zəhər də qata bilərlər. Necə ki, yəhudi yeməyə zəhər qatmışdır. Peyğəmbər əfəndimiz də araşdırmadan o yeməyi yemişdir.  Çünki nəcis olduğu bilinməyən şeyləri yeməmək təqva deyil, vəsvəsə olar. Dinimiz də vəsvəsədən qaçmağı əmr etmişdir. (Hədiqə)
Dinimizdə, “Bir şeyin halal olması üçün dəlil axtarılmaz, haram olması üçün dəlil axtarılar” qaydası vardır. Nəcis olduğuna bir dəlil olmazsa, təmiz qəbul edilir. (Usuli-Pezdəvi)
Marqarin, kolbasa, içki və digər qidaların içinə nəcis qatılsa, ancaq qatıldığı bilinməzsə, yemək caiz olar. Bilmək, ya şəxsən görməklə və ya adil Müsəlmanların nəcis qatıldığını biz gördük demələri ilə aydın olar. Qatılırmış, deməklə haram olmaz. (Əşbah)
Sabunlara da donuz yağı qatıla bilər. Lakin, nəcisli yağ və donuz yağı sabun edildikdə, şərab sirkəyə dönəndə təmiz olar. Bütün kimyəvi dəyişmələr belədir. (Tahtavi)
Qida maddələrinə hiylə edilə bilər. Fabrikdə içinə müxtəlif nəcislər qatıla bilər. Yaxud laqeydlik üzündən nəcis qarışa bilər. Cemin, bəhməzin içinə siçan düşüb ölə bilər. Emalatçı, qazanı tökməyə bilər. İçkilərə qoyulan ətir, spirt də əridilə bilər. Bunun kimi müxtəlif nəcis qarışa bilər. Ancaq, içində nəcis olduğu qəti olaraq bilinməyən bütün qida maddələri təmiz qəbul edilir, yeyilməsi günah olmaz. (Təhrir)
Qidalarda və E siyahılı qatqı maddələrində donuz mənşəli yağ, ət yazmırsa yeyilməsində zərər yoxdur, yazırsa yeyilməz.
Nəcis olma ehtimalı
Sual: Bazardakı hər hansı bir qidanın nəcis olma ehtimalı olduğu üçün çəkinib yeməmək caizdir?
CAVAB
Nəcis olduğu qəti bilinmədən çəkinmək, vəsvəsə, yersiz düşüncə və zərərli olar. (K. Səadət)
Donuz E maddəsi
Sual: Donuz yağı və ya spirt olma ehtimalı olan qidaları yemək caiz olar?
CAVAB
Ehtimal üzərinə qərar vermək səhv olar. Dinimiz, “Bir şeyin halal olması üçün dəlil axtarılmaz, haram olması üçün dəlil axtarılar” deyir. Nəcis olan bir şeyə dair bir dəlil olmazsa, təmiz qəbul edilir.
Fasiq və şahidlik
Sual: Müsəlman olmayan, fasiq və ya bidət əhli, bir qidaya nəcis deyərsə, onun sözü qəbul edilər?
CAVAB
Xeyr, müsəlman olmayan, fasiq və ya bidət əhli olanın din işlərindəki sözü qəbul edilməz. Doğru olaraq, Allahu əkbər deyərək oxuduğu azan belə qəbul edilmir, təkrar oxunması  lazımdır.
Din işlərində ancaq ədalətli bir Müsəlmanın sözü qəbul edilir. Fasiq olanın qibləni göstərməsinə, təmiz, nəcis, halal, haram kimi dindən olan şeylər üçün söylədiyi sözlərə etibar edilməz. (Rədd-ül-muxtar)
Bidət sahibləri əhli qiblə olub hər ibadəti etdikləri halda ədalətli deyildir. (Hədiqə)
Deməli, hər kəsin şahidliyi etibarlı olmur. Həm doğru yolda olacaq, həm də fasiq olmayacaq, yəni ədalətli olacaqdır. Müsəlman olmayan, fasiq və ya bidət əhli, analiz edib hesabat tutsa da, sənəd göstərsə də, din işlərində sözü, şahidliyi etibarlı olmaz. Digər işlərdə isə bunların sözlərinə güvənmək caizdir.
Şübhəlidən qaçmaq
Sual: Donuz yağı və ya spirt olma şübhəsi olan qidaları və necə kəsildiyi bilinməyən ətləri yeməkdən çəkinmək təqva olmazmı?
CAVAB
Təqva olmaz, vəsvəsə olar. Həzrəti Ömərin, “Bizlər harama düşmək qorxusu ilə halalların onda doqquzundan qaçdıq” sözü, bu xüsusların xaricindəki haramlar üçündür.
Fasiqə inanılmaz
Sual: Fasiq bir kimsənin, doğru söylədiyinə inandığımız dini mövzulardakı sözlərinə etibar edilməz? Məsələn bazardakı qidalar və içkilər üçün söylədikləri etibarlı olar?
CAVAB
Doğru söyləsə də, onun sözü sənəd qəbul edilməz. Məsələn, “Qiblə bu tərəfdədir”, “Bu qida təmizdir və ya nəcisdir” və ya “Bu halaldır, haramdır”  desə, dediyi də doğru olsa, azan oxuması kimi etibarsız olar. Soruşan kimsə, özü araşdırıb anladığına uyğun gəlməsi lazımdır. (Mizan-ül Kübra)
Fasiq azan oxuyarkən “Allahu əkbər” deyir. Yəni Allah böyükdür deyir. Yalan söyləmir. Amma fasiq olduğu üçün onun oxuduğu azan, dinən səhih olmur. Fasiq, mütləq yalan söyləyəcəyi üçün deyil, doğru da olsa sözü etibarlı olmadığı üçün, din ona etibar etmir. Bunun üçün fasiq kəslərin, “Kolada spirt var, bu qidada donuz yağı var, filan firma toyuqları Bəsmələsiz kəsir” demələrinə etibar edilməz.