İki pis xasiyyət
Sual: Kibr və inadın imansız getməyə səbəb olduğu bildirilir. Bunlar günah deyilmi? Niyə küfrə, kafirliyə səbəb olur?
CAVAB
            İmansız getmə təhlükəsi olan iki pis xasiyyətdən birincisi kibrdir, ikincisi inaddır. İnad, mənim dediyim doğrudur, mən haqlıyam deməkdir. Kibrlənən və ya inad edən kafir olmaz, amma bu iki pis xasiyyət insanı küfrə sürükləyər. İçki, zina, açıq gəzmək kimi günahlara da zamanla alışıb normal hala gələrsə, heç önəm vermədən işlənərsə, bunlar da küfrə aparar.
            Kibr və inad daha çox təhlükəlidir. İkisi də özünü bəyənməkdən irəli gələr. “Küfrdən sonra ən böyük günah kibrdir. Küfrə ən yaxın olan günahdır” buyurulmuşdur. Aciz insanın böyüklənməsi çox qəribədir. Böyük olan tək Allahu təaladır. Cənabı Haqq, “Böyüklük mənim sifətimdir (mənə xasdır), kim sifətimə ortaq olmağa çalışıb böyüklənərsə, acımadan Cəhənnəmə ataram” buyurur. Rəbbimiz, günahlar üçün belə buyurmur. Günahlar nə qədər çox olarsa olsun, əfv edə biləcəyini bildirir. Peyğəmbər əfəndimiz də, “Zərrə qədər kibr sahibi Cənnətə girə bilməz” buyurur. Kibrin digər günahlardan daha böyük olmasının səbəbi budur:
            Böyüklük ancaq Allahu təalaya məxsus ikən, qulun kibrlənməsi, bir kölənin hökmdarın tacını başına keçirərək onun taxtına oturub hökm etməsinə bənzəyər. Hökmdarın bir əmrini etməyərək günah işləməklə, hökmdarlığına sahib çıxmaq, onun taxtına oturub əmrlər vermək arasında əlbəttə böyük fərq vardır. Elə kibrlənmək də Allahın əmrini etməmək kibi bir günah deyil, şəxsən ilah olmağa çalışmaq kimi böyük bir günah olur. Bunun üçün də küfrə ən yaxın günah deyilmişdir.
            Kibrli kimsənin başını aşağı salmaq üçün ona kibrli görünmək isə çox savabdır. Kibrliyə təvazö göstərmək çox çirkindir. Peyğəmbər əfəndimiz isə, “Kibrliyə kibrli görün ki, onu alçaq və kiçik salmış olasan”  buyurur.
            İnad, göstərişə düşkünlükdən, həsəddən, kin bəsləməkdən yaxud tamahdan hasil olur. Dünya ləzzətlərini haram yoldan axtarmağa tamah deyilir. Demək ki, bu pis xasiyyətlər, insanı inada sürükləyir, doğrunu, haqqı qəbul etdirmir. Hədisi-şərifdə, “Allahu təalanın ən sevmədiyi kimsə, haqqı qəbul etməkdə inad edəndir” buyuruldu. Haqqı, doğrunu bir uşaq da, çox qoca bir kəndli də söyləsə dərhal qəbul etmək lazımdır.