Övladın günahları və savabları
Sual: Bir övladın işlədiyi savabları ata-anasına da yazılırmış. Günahları da yazılırmı? Qabilin etdiyi günahlardan atası Adəm əleyhissəlama da yazılırmı?
CAVAB
Bəli, övladın etdiyi savablar ata-anaya da yazılır. Günah işləməyi öyrədən ata-anaya övladının günahı da yazılır. İbadət öyrədərsə onun savabı da ata-anasına yazılır. Hədisi-şərifdə, “Bir müsəlmanın övladı ibadət edərkən qazandığı savab qədər atasına da verilir. Bir kimsə uşağına günah öyrədərsə, bu uşaq nə qədər günah işləsə o günahı öyrədən atasına da o qədər günah yazılar” buyuruldu. (S. Əbədiyyə)
Günah öyrətməyən Həzrəti Adəmə, qardaşını öldürən Qabilin günahı yazılmaz. Peyğəmbərlər günah işləməz. Birisinin günahı başqasına yazılmaz. Hədisi-şərifdə “Heç kim digərinin günahını çəkməz” buyuruldu. (Hakim)
Qurani-kərimdə eynimənadakı ayəti-kərimələrdən birinin məalı belədir:
“Heç bir günahkar digərinin günahını çəkməz.” [Ənam 164]
Xalqı yoldan çıxaranlar, pozğunluqda başçı olanlar öz günahlarını yükləndikləri kimi o insanların günahını da yüklənərlər. (Nahl 25- Bəydavi)
Bir insanın yaxşılıq etməyə gücü çatmırsa, o yaxşılığın edilməsinə səbəb olarsa, yaxşılığı etmiş kimi savab qazanar. Hədisi-şərifdə buyuruldu ki:
“Xeyrə dəlalət edən [yol göstərən, səbəb olan] o xeyri edən kimi savaba qovuşar.” [Beyhəqı]
Sual: Saleh övlad böyüdən onun faydasını öləndən sonra da görərmi?
CAVAB
Əlbəttə, görər. Möminlərin səmimiyyətlə etdikləri yaxşı işlərin savabı qiyamətə qədər onların əməl dəftərlərinə yazılar. Hədisi-şəriflərdə buyuruldu ki:
“İnsan öləndə əməl dəftəri bağlanır. Ancaq bu üç əməl bundan müstəsnadır: Sədəqəi-cariyə, faydalı elm və ona dua edən saleh övlad yetişdirən.” [ Buxari]
“Öləndən sonra savabı kəsilməyən yaxşı işlərdən biri də saleh övlad böyütməkdir. Ata-anası öləndən sonra belə övladın etdiyi dualar ata-anasına çatar.” [Müslim]
“Bu yeddi şeyi edən öləndən sonra da həmişə savab qazanar:
1-[Dinə uyğun] elmi bir əsər yazan,
2- Bir bulaq çəkən,
3- Bir su quyusu açan,
4- Bir xurma ağacı əkən,
5- Bir məscid tikdirən,
6- Bir mushaf yazan,
7- Öləndən sonra ona dua edən saleh bir övlad böyüdən.” [Beyhəqı, Əbu Davud]
Sual: Həddi-buluğa çatmamış müsəlmanın uşağı günah işləsə, günah yazılarmı? Yaxud küfrə salan ifadələr işlətsə kafir olarmı?
CAVAB
Həddi-buluğa çatmamış uşaq hələ mükəlləf deyildir. Günah yazılmaz. Küfr söz söyləməklə kafir olmaz. Ata-anası günah, küfr olan şeyləri etdirməməlidir. Onlara günah olar.
Yaxşı övladın faydası
Sual: Övladın etdiyi yaxşılıqların kafir olaraq ölmüş ata-anasına da faydası olarmı?
CAVAB
Bəli, faydası olar. İki hədisi-şərif belədir:
“Quran oxuyanın ata-anası kafir olsa da əzabları yüngülləyər.” [Tənbihül-qafilin] 
“Bəsmələ yazılı bir kağızı əzilməsin deyə hörmətlə yerdən qaldıran siddiqlərdən yazılır. Ata-anası kafir olsa da əzabları yüngülləyər.” [İ. Süyuti]