Ömrün sığortası yoxdur
Aişə Xanım telefon zənginə cavab verdi:
-Buyurun...
- Alo Aişə, mənəm Pərvin, tanıdın? Köhnə qonşun Pərvin.
-  Aaa Pərvin necəsən, haralardasan, çoxdandı görünmürsən...
-  Bakıdayam, bir iş üçün gəlmişəm, vaxtın varsa səni görmək istəyirəm. Sabah Gəncəyə qayıdacam, getmədən köhnə qonşumu görüb, elə getmək istədim.
-  Əlbəttə, gözləyirəm, çox yaxşı olar, Mən də sənin üçün darıxmışam . Yaxşı, gələrsən danışarıq.
Aişə Xanım tələsik evi yığışdırıb qonağını əyləndirmək və qonaq etmək üçün bir şeylər hazırlamağa başladı.
Öz-özünə, “Ay Allah, zənginə çox təəccübləndim . Həmişə düşünürdüm ki, o acı günlərdən sonra yəgin buraları, bizləri unutmuşdur. Təəssüf, nə etdi qadın görəsən? Heç asan deyil yaşadıqları. Allahu təala heç kimə göstərməsin” deyə düşünüb köhnə günlərə dalmış ikən, hazırladığı yeməyin bişdiyini xəbər verən sobanın zəng səsiylə özünə gəldi.
Dərhal çayın suyunu qaynamağa qoydu. Köhnə qonşusuyla danışacaq nə qədər mövzu vardı, onun üçün nə qədər də darıxmışdı . O gəlmədən zöhr namazını qılması lazım idi, baş qarışıb namazı gec vaxta gecikdirməməsi lazımdı.
Tam namazını bitirmiş dua edirdi ki, qapı döyüldü. Aişə Xanım uzun müddətdir görmədiyi Pərvin Xanımı görəcəyi üçün çox həyəcanlı idi. Qaçaraq qapını açmağa getdi. Qapıda dayanan adamı tanımırdı. Görəsən kim gəlmişdi ? Sarışın, makiyajlı, bəzəkli bir xanım, əlində bir dəstə çiçəklə qapıda dayanırdı. 
- Buyurun kim lazımdı? deyə soruşdu.
- Sən lazımsan gözəlim, sən . Tanımadınmı mənəm ay qız, Pərvin.Yoxsa məni  içəri buraxmayacaqsan ? Qapıdan göndərəcəksən?
- Əl...əl...Əlbəttə, üzrlü say. Çaşqınlıqdan içəri buyur deməyi unutdum, gəl içəri buyur.
- Hə belə, indi yaxşı oldu. Niyə bu qədər çaşdın ki?
- Nə bilim, çox dəyişmisən tanıya bilmədim.
- Demək o qədər dəyişmişəm hə, deyə güldü Pərvin
Aişə Xanım çayı dəmləmə bəhanəsiylə mətbəxə getmək üçün icazə istədi. Mətbəxə gedər-getməz üzündəki o çaşqın ifadəni dəyişdirməyə çalışdı. Allah Allah, nə olub bu qadına? Aman ya Rəbbi, sən çaşdırma! deyərək səsli düşündü istəmədən.
Bir müddət sonra, iki yoldaş keçmişdə olanlardan bəhs edərək çay içib söhbəti uzatdılar. Pərvin danışarkən gözlərini Aişədən qaçırır, sanki etdiyi bir günahı anlayacaq deyə anasının üzünə baxa bilməyən uşaq kimi qızarırdı.
Aişə Xanım açıq sözlü, sözü əyib bükmədən doğru danışan biri idi.
- Nə oldu sənə Pərvin? Nədir bu halın? Səni görəndə nə edəcəyimi, necə davranacağımı bilmədim.
- Çox haqlısan, çox dəyişdim. Mən artıq köhnə mən deyiləm. Bəzən mən də özümü tanıya bilmirəm. Bilirsənmi, axşam yatarkən güzgüyə baxıb öz-özümlə danışıram. Niyə deyirəm niyə?
Həqiqətən nə idi Pərvini bu qədər dəyişdirən...
Pərvingil əvvəllər Aişə Xanımgillə eyni binada qalırdılar. Pərvinin ərinin yaxşı bir işi vardı. İşləri tərs getdiyi üçün işsiz qalan əri böhrana girdi. Yoldaş, dost deyərkən bir iş tapdı, amma sığortasız bir iş idi. Olsun, adam işini görür, üç-beş qəpik qazanır, dolanıb gedirdilər. Pərvin, evdar xanım idi. Hicaba riayət edən, namazını qılan inancli biri idi. İki qızları vardı, qızların bir ibtidai məktəb, digəri orta məktəbdə oxuyurdu. Tez-tez Aişə Xanıma gələr, dərdləşərdilər, ah bir sığortalı iş olsa deyə dərd çəkərdi. Aişə isə Pərvini təsəlli edər, şükr və dua etməsini tövsiyə edərdi.
Bir gün Pərvin Aişəyə özü də işləsə daha rahat edəcəklərini, sığortalı iş axtardığını söylədi. Madam əri sığortalı deyildi, bari özü sığortalı iş tapmalı, həyatlarını zəmanət altına alması lazım idi. Bir mənada həyatlarını sığorta etmək istəyirdi. Bu mövzu Pərvinin beyninə girmişdi, artıq dua edərkən belə, “Ya Rəbbi sığortalı iş...” deyirdi. Bir şənbə səhəri qaynanasıgilə nahara getdilər. Naharı etdikdən sonra əri çölə çıxmaq istədi, paltosunu geyərkən birdən yerə yıxıldı. Hamı başına yığılıb, kimi ağlayır, kimi su gətirir, kimi paltosunu çıxarıb rahatlatmağa çalışırdı. Ancaq əri o anda ruhunu təslim etmişdi…
Ərinin vəfatından sonra Pərvin qızlarını da götürüb Gəncəyə ailəsinin yanına qayıtdı. Təəssüf ki, iş sığortalı ola bildi, amma həyat sığortalı deyildi. Heç kimin ömrü sığortalı deyi. Bütün bu yaşananları Aişə bilirdi. Onu maraqlandıran, sonra nə oldu ki, inancında möhkəm olan Pərvin belə dəyişdi.
- Pərvin, qızlar nə edirlər? Sən nə edirsən? Danış görək.
- Ərim öldükdən sonra Gəncəyə anamın yanına getdim, bilirsən. Atam təqaüdçüdür, özlərini ancaq dolandırırlar. Bir də biz olanda bir xeyli çətinlik çəkdilər. Sağ olsun qohumlar iş tapdılar, amma ki, sığortasızdı. Bir iş yerində işçilərə yemək hazırlayacaqdım, amma sığortasız olanda bir müddət işləyə bildim. Bilirsən, insan xəstə olur, həkim filan lazım olur, sığorta şərtdir. Nəysə qohumlar əl-qol oldular, bu işi tapdılar. İndi bir şirkətdə katibə kimi işləyirəm. Bakıya da şirkətin bir sənəd işi üçün gəldim.
- Yaxşı, niyə başını açdın?...
- Əslində əvvəllər bağlı gedir, içəridə açırdım. Daha sonra, bağla-aç, bağla-aç mübarizə apara bilmədim. Qızları soruşmuşdun, qızlarla başım dərddədir. İnan mənə, atasız övlad böyütmək çox çətindir. Hələ də bunlar qız olarsa... Ata olanda ata yoxlayır, göz qoyur. Mən edə bilmirəm, məni dinləmirlər. Nə görsələr istəyirlər. Alsan bir dərd, almasan bir dərd... Niyə yoldaşları tətilə gedirmiş, bunlar getmirlərmiş? Niyə hər kəs yoldaşlarıyla gəzirmiş, bunlar gəzib əylənmirlərmiş. Nəysə, çox çətindir çox!
- Yaxşıca böyüyüblər, gəlinlik qız olublar. Var mı bir şey Pərvin?
- Bəli, elə bir şeylər var, amma bilmirəm. Böyük qızın görüşdüyü bir oğlan varmış, evlənməyə qərar veriblər. Mən buradan gedəndə oğlanla məni tanış edəcək, baxaq nə olacaq.
- Pərvin sənə bir şey söyləmək istəyirəm, amma nə olar məndən incimə, bir az bundan əvvəl bir şey demişdin a, nə oldu mənə bilmirəm deyə... Mən sənə söyləyim nə olduğunu. Allahu təala hər kəsə istədiyini verir, yaxud istədiyi şeylərə qovuşacaq yollara çatdırır. Xatırlayırsanmı, ərin sığortasız bir işdə işləyirdi və çətin günlər keçirirdiniz. Mən də işləyim madam onun sığortası yoxdur, mənim sığortalı bir işim olsun deyə, azmı danışdıq səninlə. Sən Allahu təalanın razılığını istəsəydin əlbəttə istəyinə çatardın. Eynilə sığortalı iş istəyinə çatdığın kimi...