Bəddua etmək
Peyğəmbər əfəndimiz bəddua etdimi?
Peyğəmbər əfəndimiz digər bəzi Peyğəmbərlər kimi qövmlərinə ümumi bir bəddua etməmiş, amma müəyyən günahları edənləri lənətləmişdir. Məsələn, bir neçəsini qeyd edək:
Lutilərə Allah lənət etsin! [Beyhəqı]
Pula sitayiş edənə lənət olsun! [Tirmizi]
“Bidət çıxarana lənət olsun.” [Darə Kutni]
“Əshabımı söyənə lənət olsun.” [Hakim]
“Doğrunu bildiyi halda susana lənət olsun.” 
[Deyləmi]
Həmçinin adlarını çəkərək bəd dua etdikləri də vardır. Biri belədir: Rəsulullah Ləhəbin oğlu Uteybə, Təbbət surəsi nazil olanda Rəsulullah əfəndimizi təhqir etdi. Rəsulullah çox məyus olub, “Ya Rəbbi, buna bir canavar müsallat et” dedi. Əbu Ləhəbin oğlu Uteybə Şama gedərkən bir gecə bir aslan gəlib yatmış yoldaşlarını iyləyib keçdi. Növbə Uteybəyə gəldikdə onu parçaladı. (Mirati kainat)
Tabəranidə rəvayət edilir ki:
İki nəfər Həzrəti Həmzə haqqında təhqiredici bir şeir oxuduqlarına görə Cəhənnəmə getmələri üçün Rəsulullah bəd dua etmişdir. 
Peyğəmbər əfəndimiz bəd dua etməzdi zənn edərək, hədis kitablarındakı bəd duanı bildirən belə bir hədisi-şərifə şübhə ilə yanaşmaq din düşmənlərini sevindirmək olar. O zaman imamı Tabəraniyə də etimad edilməz. Onsuz da din düşmənlərinin bütün dərdi də budur. “Alimləri və hədisləri məhv etsək, Quranı məhv etmək daha asan olar” deyirlər.
O iki nəfər hicri 8-ci ildə Müsəlman olmuşdu. Həzrəti Həmzə isə bundan 4 il qabaq şəhid olmuşdu. Yəni, o zaman o iki nəfər Müsəlman deyildi. O duanı Müsəlmanlara etdikləri zərərlərdən və sevimli əmisi Həzrəti Həmzəyə dil uzatdıqlarına görə etmişdi.
Məkkənin fəthində Rəsulullah əfəndimiz hamını bağışladı. Yalnız on nəfərin adlarını çəkib, “Onları harada görsəniz dərhal öldürün” buyurdu. Bu on nəfərdən biri olan Vəhşi ibn Hərb Məkkədən uzaqlara qaçdı. Daha sonra peşman olub Mədinədəki məscidə gəlib, “Ya Rəsulallah, bir insan Allaha və Rəsuluna qarşı düşmənçilik etsə, ən pis, ən çirkin günah iş görsə, sonra peşman olub iman etsə, bunun cəzası nədir?” dedi. Rəsulullah əfəndimiz, “Peşman olub iman edən əfv olunur, bizim qardaşımız olur” buyurdu. “Ya Rəsulallah, iman etdim, peşman oldum. Mən Vəhşiyəm” dedi. Peyğəmbər əfəndimiz Vəhşi adını eşitdikdə sevimli əmisi Həzrəti Həmzənin parçalanmış halı gözünün qabağına gəldi.
Ağlamağa başlayıb, “Get, səni gözüm görməsin” buyurdu. Vəhşi, öldürüləcəyini anlayıb yanından çıxarkən Cəbrayıl əleyhissalam gəlib, “Ey Həbibim, bütün ömrünü bütə sitayiş etməklə, qullarımı mənə düşmən etməyə çalışmaqla keçirən bir kafir bir kəlimeyi-tövhid oxuduqda, mən onu əfv edirəm. Sən, əmini öldürdü deyə Vəhşini nə üçün əfv etmirsən? O peşman oldu, indi sənə inandı. Mən əfv etdim, sən də əfv et” məalındakı ilahi əmri bildirdi.
Hamı öldürün əmrini gözləyirdi. Rəsulullah əfəndimiz, “Qardaşınızı çağırın gəlsin” buyurdu. Qardaş sözünü eşidincə, hörmətlə çağırdılar. Rəsulullah əfəndimiz əfv olduğu müjdəsini verib, “Ancaq, səni gördükdə dözə bilmirəm, kədərlənirəm. Mənim üzümə görünmə” buyurdu. Həzrəti Vəhşi, Rəsulullahı üzməmək üçün bir daha yanına gəlmədi. Xəcalətlə, başı aşağı yaşadı. (Kurtubi, Süyuti, Təbəri)
Sorğusuz-sualsız öldürülməsi lazım olan bir kafir Müsəlman olduqda, onun haqqındakı nifrət, mərhəmətə çevrilir, səhabəlik şərəfinə nail olur. Günahları savaba çevrilir.
Sual: Birinə bəd dua üçün, “Səni Allaha həvalə edirəm” demək uyğun olarmı?
CAVAB
Söyləyən şəxsə və niyyətinə görə dəyişir. İbni Məsud həzrətləri nəql edir:
Əbu Cəhil və yoldaşları Rəsulullah Kəbənin yanında namazda səcdədə ikən üstünə dəvə içalatı atdılar. Rəsulullah namazını bitirdikdən sonra yüksək səslə, “Allahım, Əbu Cəhili, Ukbə ibn Rəbiəni, Şeybə ibn Rəbiəni, Vəlid ibn Utbəni, Üməyyə ibn Hələfi, Ukbə ibn Muaytı sənə həvalə edirəm” buyurdu. Bədir savaşında Rəsulullahın adlarıyla zikr etdiyi bu adamların hamısının yerə sərilmiş cəsədlərini gördüm. (Buxari, Müslüm, Nəsai)

Bir də, sanki haşa Allahü təalanın xəbəri yoxmuş kimi, Ona xəbər verirəm, lazım olanı Özü etsin, məzlumun haqqını zalimda qoymasın kimi bir mənada deyilərsə, heç doğru olmaz. Allahü təala heç kimin etdiyindən qafil deyildir. Qul səhv bir iş görmüşsə, əlbəttə onu hesaba çəkər və cəzasını verər.
Allaha həvalə edirəm sözü, sənin etdiyin bu pisliyə qarşı səbr edirəm, buna qarşılıq vermirəm, etdiyinin cəzası nədirsə, Allahü təala versin anlamında deyilərsə, zərəri olmaz.
Dua və bəd dua
Sual:
“Duanla yaşamıram ki, niyə bəd duanla ölüm” sözü uyğundurmu?
CAVAB
Uyğun deyildir. Duaya əhəmiyyət verilməmiş olur. Dua və ya bəd dua qəbul ola bilər. Yəni, qəbul olan dua ilə yaşamaq olur. Yaxud dua qəbul olmasa da, bəd dua ilə insan ölə bilər. İki hədisi şərif məalı belədir:
“Bu dörd dua rədd olunmaz: Din qardaşının arxasından olunan dua, yaxşılaşana qədər xəstənin, qayıdana qədər həccə və cihada gedənin duası.” [Deyləmi]
“Ana-atanın övladına və məzlumun zalıma olan bəd duaları rədd edilməz.” [Tirmizi]
Bəd duadan xilas olmaq
Sual: 
Anam və atam bəd dua edib vəfat etdilər. Bu bəd duanın zərərlərindən xilas olmaq və mənə haqqlarını halal etmələri üçün nə edə bilərəm?
CAVAB
Onlar üçün xeyir-dua edib, etdiyiniz ibadətlərin, xeyir və ehsanların savablarını onlara da göndərməlisiniz. Məsələn, oxuduğunuz Qurani-kərimin və ya verdiyiniz sədəqənin savabını onlara hədiyyə etməlisiniz. Beləcə, olunan bəd duaların zərərlərindən xilas olmuş və ana-atanızın haqlarını ödəmiş olarsınız. Bağışladığınız savablar heç əksilmədən sizə də verilir.
Sual: Bəzi hədisi-şəriflərdə lənət olsun deyilir. Lənət etmək nə deməkdir? Pis ana-atanın saleh olan övladına etdiyi bəd dua qəbul olarmı?
CAVAB
Lənət olsun demək, Allahın rəhmətindən uzaq olsun deməkdir. Lənət etmək, bəd dua etmək yaxşı deyildir. Çünki hədisi şərifdə, “Bir insan lənət edərsə, lənət edilən buna layiq deyilsə, lənət özünə qayıdar” buyurulmuşdur. (Beyhəqı)
İbni Mübarək həzrətləri uşağından şikayət edənə“Uşağa bəd dua etdinmi?” dedi. O da, bəli etdim deyincə, “Uşağın əxlaqını sən özün pozdun”, buyurdu.
Hədisi şəriflərdə buyurulur ki:
“Bir atanın duası ilahi hicaba çatar və bu hicabı da keçər.” [İbni Macə]
“Ana-atanın uşağına və məzlumun zalıma olan bəd duaları rədd olmaz.” [Tirmizi]
Pis ana-atanın günahsız və yaxşı olan uşağına etdiyi bəd dua qəbul olmaz. Haqsız olaraq olunan bəd dualar qəbul olmaz.
Haqsız yerə olunan bəd dua
Sual:
“Ana-ata, məzlum və qonağın duası qəbul olur” buyurulur. Bu insanlar haqsız olaraq bəd dua etsələr yenə də qəbul olar?
CAVAB
“Ana-ata, məzlum və qonağın duası qəbul olar” 
demək, “Ana-atanın uşağına etdiyi xeyir dua, məzluma [kafir belə olsa] zülm edən zalıma qarşı etdiyi bəd dua, qonağın ev sahibinə etdiyi xeyir-dua qəbul olar” deməkdir. Yoxsa qonağın günahsız olan ev sahibinə etdiyi bəd dua qəbul olmaz.
Məzlumun, ona zülm etməyən birinə etdiyi bəd dua qəbul olmaz. Ana-atanın övladına etdiyi xeyir-dua qəbul olar. Pis ana-atanın günahsız və yaxşı olan uşağına etdiyi bəd dua qəbul olmaz.
Qısaca olaraq, haqsız olunan bəd dua qəbul olmaz. Bəd dua etməyə öyrəşməyin! Çünki hədisi-şərifdə buyuruldu ki:
“Özünüzə, uşaqlarınıza və mallarınıza bəd dua etməyin! Duaların qəbul olduğu bir vaxta rast gələrsə, bəd duanız qəbul olar.” [Müslim]
Sual: Anam atamdan boşandı. Atam anamı, anam da atamı nəzərdə tutub “Mənə, əgər onunla görüşsən haqqımı halal etmərəm, bəd dua edirəm” dedilər. Haqsız etdikləri bəd dua keçərlidirmi?
CAVAB
Keçərli deyildir. Gizli görüşmək lazımdır.
Sual: Atam bəd dua etdi. Sonra öldü. İşim rast gətirmir, bunun çarəsi nədir?
CAVAB
Tövbə və istiğfara davam etməli, ölü üçün xeyirlı işlər etməlisiniz!
Sual: Bir gəncin evlənmə təklifini qəbul etmədim. Ona görə mənə, “Allah bəlanı versin” dedi. İndi xəstələndim. Görəsən, xəstə olmağıma həmin gəncin bəd duası səbəb oldu? Onunla halallaşmaq lazımdırmı?
CAVAB
Evlənmə təklifini qəbul etməməklə haq keçməz. Haqsız olunan bəd dualar da keçməz. Halallaşmaq lazım olmaz.
Lənətli olmaq
Sual:
Hədisi şərifdə, “Fitnə çıxarana Allah lənət etsin” buyurulur. Lənətli olmaq nə deməkdir? Lənətli olacaq iş etdikdə, insan İblis kimi lənətli olur? Yəni, bir daha Müsəlman olmayacaq şəkildə kafir olur?
CAVAB
Xeyr. Lənətin bir neçə mənası vardır. Ən pisi Allahın rəhmətindən uzaq olmaq mənasında istifadə olunur. Lənətli bir iş görsə, sonra tövbə edərsə, Allahın rəhmətindən uzaq düşməz.
Fasiqlərə lənət oxumaq
Sual: Fasiqlərə, bidət əhlinə və kafirlərə adlarıyla lənət etmək doğru olarmı?
CAVAB
Doğru olmaz, çünki Əhli sünnət alimləri buyurur ki:
Adını çəkərək, məlum bir kafirə lənət etməməli, ümumi olaraq, “Kafirlərə lənət olsun!” deməkdə zərər yoxdur. (İslamda İlk Fitnə kitabı)
Ad çəkilmədən, “Allahın lənəti kafirlərin, bidət əhlinin və fasiqlərin üzərinə olsun” demək də zərər olmaz. Çünki Allahü təala və Peyğəmbər əfəndimiz (sallallahü aleyhi və səlləm) belə ümumi lənət etmişdir. Bir ayəti-kərimə məalı:
“Allah və Rəsulunu incidənlərə Allah, dünyada və axirətdə lənət etmişdir.” [Əhzəb 57]
Bir hədisi şərif:
“Zalım amirlərə, fasiqlərə və sünnətimi məhv edən bidət əhlinə Allah lənət etsin!” [Deyləmî]