Dilək və murad duaları ilə hacət namazları
Sual: Evlənmək istəyən, uşağı olmayan, bir xəstəliyi olan, evində keçimsizliyi olan və ya imtahana girmək istəyən, yaxud iş axtaran kimsə muradının yerinə yetməsi üçün nə etməlidir?
CAVAB
İnsan bir işin nəticəsinin yaxşımı, pismi olacağını bilə bilməz. Mütləq bu işim olsun deyə israr etməməli, “Xeyirlidirsə olsun” deməlidir. Qurani-kərim və dualar şərtlərinə əməl edilərək oxunarsa fayda verər. Oxuyanın və xəstənin buna inanması lazımdır. Qurani-kərimin hər hərfi şəfadır, diləklərə dəvadır. Allahü təala, “Qurani-kərim möminlər üçün şəfa və rəhmətdir” buyurur. Övladı olmayan, evlənmək istəyən və ya hər hansı bir diləyi olan bunları etməlidir:
1- İstiğfar oxumalı. “Malım çoxdur, amma övladım olmur. Nə edim?” deyən adama, bir səhabə istiğfara davam etməsini məsləhət gördü. O da gündə 700 dəfə istiğfar oxudu. Nəhayət on uşağı oldu. Bir nəfər Həsən Bəsri həzrətlərinə, qıtlıqdan, kasıblıqdan, uşağının olmamasından şikayət etdi. Hamısına da istiğfar etməsini söylədi. Səbəbi sorulduqda, Quran-kərimdən üç ayəti kərimə oxudu. Məali belədir:
“Çox bağışlayan olan Rəbbinizə istiğfar edin ki, göydən bol yağmur endirsin; sizə, mal və oğullarla yardım etsin, sizin üçün bağçalar yaratsın, arxlar axıtsın.” (Nuh 10–12)
Uşaqlarını idarə etməkdə sıxıntı çəkən adama Peyğəmbər əfəndimiz, “Niyə istiğfar etmirsən? Mən gündə yüz dəfə istiğfar edirəm” buyurmuşdur. İstiğfar edərkən yüz dəfə “Əstağfirullah min külli ma kərihallah, Əstagfirullahəl’azim əlləzi la ilahə illa hüvəl hayyəl qayyumə və ətubü ileyh” deməli və mənasını düşünərək söyləməlidir. Mənası belədir:
“Razı olmadığın şeylərdən, etdiklərimi bağışla və etmədiklərimi etməkdən qoru! Səndən başqa ilah olmayan Hay, Qəyyum və Azim olan Allaha istiğfar edər və günahlarıma peşman olub Ona sığınıram.” [Azim, zatı və sifətləri kamalda; Hay, əzəli və əbədi bir həyatla diri olan; Qəyyum, zatıyla qaim olan, yaratdığı hər şeyi varlıqda saxlayan deməkdir.]
2- Diləyinə qovuşmaq üçün iki rikət namaz qılıb, savabını Silsiləyi-aliyyə adlanan alimlərin ruhuna hədiyyə etməli, onların hörmətinə dua edilməlidir. Məsələn, “Ya Rəbbi, xeyirli bir övlad nəsib et” deyə dua edib, “Bu duamı Silsiləyi-aliyyə böyükləri hörmətinə qəbul eylə” deməlidir. (Məkatibi şərifə)
Sübh və işa namazından sonra Silsiləyi-aliyyənin adlarını çəkib, sonra Fatiha oxuyaraq ruhlarına göndərib, onları vəsilə edərək olunan dua qəbul olar. Təcrübə edilmişdir.
3- Ayəti hırz, üsuluna uyğun oxunub və üzərində gəzdirilərsə, murad yerinə yetər.
4- Nəzir edilməlidir. Məsələn, “Filankəslə evlənsəm və ya filan işim baş tutarsa, savabı Seyyidət-Nəfisə həzrətlərinə olmaq şərtilə Allah üçün üç Yasin oxumaq nəzrim olsun” deyilərsə, bu diləyin qəbul olduğu təcrübə edilmişdir.
5- Dua izinli oxunmalı! Bir hacətin yerinə yetməsi üçün dua oxunarkən təsir etməsi mürşidi kamilin izni ilə oxunmalıdır. Vəfat etmişdirsə, kitabından öyrənib oxumaq da izn almaq sayılır. İzn alan, izn verənin vəkili olar. Vəkilin oxuması, mürşidin oxuması kimi təsirli olur.
6- Kor bir nəfər gəlib, “Ya Rəsulallah! Allahü təalaya dua et, gözlərim açılsın” dedi. Peyğəmbər əfəndimiz də, “Gözəl bir dəstəmaz al! Sonra, “Ya Rəbbi! Sənə yalvarıram. Sevgili Peyğəmbərin Muhamməd əleyhissalamı araya qoyaraq Səndən istəyirəm. Ey çox sevdiyim Peyğəmbərim Muhamməd əleyhissalam səni vəsilə edərək, Rəbbimə yalvarıram. Sənin xatirin üçün qəbul etməsini istəyirəm. Ya Rəbbi, bu uca Peyğəmbəri mənə şəfaətçi eylə! Onun hörmətinə duamı qəbul et!”” duasını oxumasını söylədi. O da, dəstəmaz alıb dua etdi. Dərhal gözləri açıldı. (Tirmizi)
Bu duanı oxuyanlar məqsədlərinə çatmışlar.
7-Əbdüləhad Sərhəndi həzrətləri buyurur ki:
“70 dəfə, 
“Ya Allah, Ya Rəhman, Ya Rahim, Ya Qavi, Ya Qadir” oxuyub dua edən nə istəyərsə istəsin Cənabı Haqq duasını qəbul edər və nə muradı varsa verər.”
Tək-tək 70 dəfə oxunmaz. Bir dəfəyə oxunub əvvələ qayıdıb, bu şəkildə hamısı 70 dəfə oxunur. Allah rizası üçün oxunmalıdır. Bir dəfədə 70 dəfə oxunmalı, 71 olsa olmaz, yanına başqa ad qoyularsa olmaz, bu bir şifrədir. İsmi əzam, ismi Cəlal, Əsmaül Hüsnadır. Hər namazdan sonra oxuyan nə bəxtəvərdir! Heç olmasa gündə bir dəfə oxumalıdır. Dilək üçün qırx günə qədər oxunmalıdır.
Cümə günü İkindidən sonra səccadə üzərində əlindən gəldiyi qədər “Ya Allah, ya Rahman, ya Rahim, ya Qavi, ya Qadir” deyib, sonra dua etməlidir. (İslam Əxlaqı)
8-
Bir diləyə, bir murada çatmaq üçün, “Salatən tüncina” oxunmalıdır. (İslam Əxlaqı)
“Allahümmə salli alə seyyidinə Muhammədin və alə əli seyyidinə Muhammədin salətən tüncinə biha min cəmiil əhvali vəl afət və taqdi ləna biha cəmial hacət və tütahhirünə biha min cəmiissəyyiət və tərfəunə biha aləddərəcət və tübəlliquna biha aqsəlqayət min cəmiil xayrati fil hayati və ba’dəl-məmat.
Bu cür sayı bildirilməyən duaları bir dəfə oxumaq kifayət edər. 3,7 və ya 40 dəfə oxumaq daha yaxşı olar.
9- Ənəs ibn Malik və Əli ibn Əbu Talib (radıyallahü təala anhüma), Rəsulullahdan (sallallahü təala aleyhi və səlləm) rəvayət edirlər ki:
“Allahü təaladan dünyaya və ya axirətə aid bir istəyi olan kimsə, gecə qalxıb, qüsul alıb və ya dəstəmaz alıb, iki rikət namaz qılarsa, hər rikətində bir Fatiha və üç dəfə İxlas oxuyarsa, salamdan sonra başını səcdəyə qoyub, Ya Rəbbi, Mənim istəyimi Əbu Bəkri Siddiq (radıyallahü anh) hörmətinə yerinə yetir, deyə dua edərsə; Allahü təala, Əbu Bəkri Siddiq hörmətinə istəyini verər.” [Mənakıbı cihar yari Güzin]
10- Hacət namazı qılınmalıdır. Hacət namazı bir neçə şəkildə qılınır:
a-Əshabı kiramdan Osman bin Huneyf həzrətləri danışır: Gözləri görməyən bir nəfər gözlərinin açılması üçün Rəsulullahdan xahiş etdi. Peyğəmbər əfəndimiz buyurdu ki:
“Dəstəmaz al, iki rikət namaz qıl və belə dua et: “Allahümmə inni əs’əlükə və ətəvəccəhü iləykə bi-Nəbiyyikə Muhammədin Nəbiyyirrahməti.” Sonra, gözlərinin açılması üçün, “Ya Rəbbi, Rəsulunun hörmətinə gözlərimi aç!” deyə dua et!” [Nəsaî]
O adamın namaz qılıb dua etdikdən sonra gözlərinin açıldığını gördük. (Tərgib)
b- Hədisi şərifdə buyuruldu ki:
“Allahdan və ya insanlardan bir istəyi olan, yaxşıca dəstəmaz alıb iki rikət namaz qılsın! Sonra Allahü təalaya həmd etsin, Rəsuluna salavat gətirib, aşağıdakı duanı oxusun!
La ilahə illəllah-ül-halim-ül-kərim. Sübhanallahi Rabb-il-arş-il-azim. Əlhamdü lilləhi Rabbil aləmin. Əsəlükə mucibəti rahmətikə və azaimi məğfirətikə vəl qanimətə min külli birrin vəssələmətə min külli ismin la təda li zən mən illa qafərtəhü vəla həmmən illa fərrəctəhü vəla hacətən hiyə ləkə rıdan illa qadaytəha ya ərhamərrahimîn.” [Haləbî] [Duanın originali üçün tıqlayın.]
Hacət namazı iki, dörd və ya on iki rikət qılınır. Birinci rikətdə Fatiha və üç Ayətəl kürsi oxunur, digər rikətlərdə Fatihayla hər dəfəsində bir dəfə İxlas və Muavvizətəyn [iki qul ə’uzü] oxunur. Yaxud hər rikətdə Fatiha, Ayət-əl-kürsi və İxlas oxunur.
c- Bir başqa hacət namazı da belədir:
İşa namazını qılıb vitri qılmadan əvvəl, dörd rikət namaz qılınır. Birinci rikətdə bir Fatiha, üç Ayət-əl-kürsi oxunur. İkinci rikətdə Fatihadan sonra üç İxlas və Muavvizətəyn [yəni iki qul ə’uzü] oxunur. Üçüncü rikətdə ilk rikətdə oxunanlar oxunur. Dördüncü rikətdə isə ikinci rikətdə oxunanlar oxunur. Namazdan sonra diləyini istəyər. (İmad-ül-islam)
Öz dilimizdə belə dua etmək də olar:
“Ya Rəbbi! Sənə yalvarıram. Aləmlərə rəhmət olaraq göndərdiyin Sevgili Peyğəmbərin Muhamməd əleyhissalamı araya qoyub Səndən istəyirəm. Ey çox sevdiyim Peyğəmbərim Muhamməd əleyhissalam! Səni vəsilə edərək Rəbbimə yalvarıram. Duamı sənin xatirinə qəbul etməsini istəyirəm. Ya Rəbbi! Bu uca Peyğəmbəri mənə şəfaətçi eylə! Onun hörmətinə duamı qəbul et!”
Bu duanı müsəlmanlar hər zaman oxuyub arzularına qovuşmuşlar. Bu duaları bir dəfə oxuyub sonra saxlamamalı. Qırx gün və daha artıq davam etmək yaxşı olar.
d- Maddi və ya mənəvi bir istəyi olan gecə qüsl alıb və ya dəstəmaz alıb iki rikət namaz qılarsa, hər rikətində bir Fatiha və üç İxlas oxuyarsa, salamdan sonra səcdəyə gedib, “Ya Rəbbi, Mənim istəyimi Əbu Bəkri Siddiq radıyallahü anh hörmətinə yerinə yetir” deyə dua etsə, Allahü təala istəyini verər. (Mənakıb-ı ciharı yari Güzin)
Duanın qəbul olması üçün
Duanın qəbul edilməsi üçün bəzi şərtlər vardır. Duanın qəbul ediləcəyindən şübhə etməməli, şərtlərinə riayət edilib-edilmədiyindən şübhə etməlidir. Lazım olan şərtlərə riayət etmədən duanın qəbul olunmasını gözləmək doğru olmaz.
            Öncə çalışmaq, sonra dua dinin əsası,
            Qəbul edilər, ancaq çalışanın duası!
Dualarım nə üçün qəbul olmur deməməlidir. Hədisi-şərifdə buyuruldu ki:
“Allahü təala duanızı qəbul edər. Dua etdim, hələ də duam qəbul olmadı deyə tələsməyin! Allahü təaladan çox istəyin! Çünki Kərəm sahibindən istəyirsiniz.” [Buxari]
İstənilən şeyin olmaması, duanın qəbul olmadığını göstərməz. Onun üçün duaya davam edilməlidir! Duanın qəbulunun gecikməsinin başqa səbəbləri də vardır. Bir hədisi-şərif məalı:
“Mömin dua etdikdə Allahü təala Cəbrailə, “Mən onu sevirəm, istəyini dərhal yerinə yetirmə!” Facir [günahkar] dua etdikdə də, “Mən onun səsini sevmirəm. İstəyini dərhal yerinə yetir” buyurur.”
Bu halda duanın qəbulunun gecikməsi zərərli deyildir. Bəla gəlməmişdən əvvəl çox dua edilməlidir. Duaya həmd və salavatla başlanmalıdır. Yalvararaq dua edilməlidir.
Səbəblərə yapışmadan istəmək quru bir təmənnidir. Hədisi-şərifdə buyuruldu ki:
“Çalışmadan dua edən, silahsız hərbə gedən kimidir.” [Deyləmi]
Günah etməyən dillə dua etmək lazımdır. Peyğəmbər əfəndimiz,”Allahü təalaya günah etməyən dillə dua edin” buyurdu. Belə bir dil necə tapılar sual olunduqda, “Bir-birinizə dua edin! Çünki nə sən onun, nə də o sənin dilinlə günah etmişdir” buyurdu. (Tərqib-üs-salat)
Duanı ancaq namazlardan sonra və müəyyən vaxtlarda etmək məkruhdur. Hər fürsətdə dua etməlidir! Xüsusilə şərəfli vaxtları və şərəfli halları ötürməməli, fürsət bilməlidir!