Duanın dindəki yeri
Sual: Duanın dindəki yeri nədir?
CAVAB
Dua Allaha yalvararaq muradını istəməkdir. Allahü təala dua edəni sevər, dua etməyənə qəzəblənər. Dua möminin silahı, dinin təməl dirəklərindən biridir. Yerləri, göyləri aydınladan nurdur. Dua gələn bəlaları aparar. Gəlməmiş olanların da gəlmələrinə mane olar. Allahü təala, “Mənə xalis qəlb ilə dua edin! Belə duaları qəbul edərəm” buyurdu. Ona görə də dua etmək namaz, oruc kimi ibadətdir. Yenə, “Mənə ibadət etmək istəməyənləri zəlil edib alçaldaraq Cəhənnəmə ataram” buyurur. (Mömin 60)
Allahü təala hər şeyi səbəb ilə yaratmaqda, nemətlərini səbəblərin arxasından göndərməktədir. Zərərləri, dərdləri dəf  etmək üçün və faydalı şeyləri vermək üçün də dua etməyi səbəb etmişdir. Hədisi-şəriflərdə buyuruldu ki: 
“Dua ibadətin əsli və özüdür. Allah qatında duadan məqbul başqa bir şey yoxdur. Dua 70 cür qəzanın qarşısını alar. Ömrün bərəkətini artırar.” [Tirmizi]
“Dua edən, üç şeydən məhrum deyildir: Ya günahı əfv olar və ya dərhal xeyirli qarşılığını görər, yaxud axirətdə mükafatını alar.” [Deyləmi]
“Rəbbiniz əlbəttə həya və kərəm sahibidir. Qulları əllərini qaldırıb bir şey istədikləri zaman onların əllərini boş çevirməkdən həya edər.” [Əbu Davud]
“Dua, möminin silahıdır.” [İbni Əbiddünya]
“Allahü təala dua etməyənə qəzəblənər.” [İbni Macə]
“Dua bəlanın qarşısını alar.” [Deyləmi]
Duanın edilməsi müqəddərata bağlıdır. Təqdirdə dua varsa əlbəttə edilir. Duanın bəlanı önləməsi qəza və qədərdəndir. Hədisi-şərifdə buyuruldu ki: 
“Qədər tədbir ilə, qaçmaqla dəyişməz. Ancaq qəbul olan dua o bəla gələrkən qoruyar.” [Şir’a]
İmam Rəbbani həzrətləri buyurur ki: 
Dua, qəzanı, bəlanı dəf edər. Hədisi-şərifdə, “Qəza, yalnız və yalnız dua ilə durdurulur” buyuruldu. (Tirmizi)
Allahü təala dua edənləri, səhhət və salamatlıq istəyənləri sevər. 
Dua edib duası qəbul edilməyənlərə qiyamət günü Allahü təala, “Bu sənin filan zamanda etdiyin duadır. O duanın yerinə sənə bu savabları verirəm” buyuracaq, o qədər çox savab verəcək ki, o kəs, “Kaş ki, dünyada heç bir duam qəbul olmasaydı, bu gün onların qarşılıqlarını görsəydim” deyəcəkdir. (T. Qafilin)
Duaya inanmayanlar
Sual: Bəziləri, duaya inanmır, “Dua ilə bir şey olmaz” deyirlər. Belə insanlara necə cavab verək?
CAVAB
Duaya inanmayan insanlar görəsən Allaha inanırlarmı? İnanmırlarsa, dua mövzusunda bir şey demək doğru olmaz. Əgər Allaha inanırlarsa, duanın əhəmiyyətinə də inanmaları lazım gəlir. Çünki Qurani-kərimdə Allahü təala, “Dua edin, qəbul edim” buyurur. (Mömin 60)
Şərtlərinə uyğun edilən dua qəbul olar. Dua ilə çox şeylər olur. Məşhur bir mənqibəni bildirək:
Xorasanda bir neçə nəfər oğru qaçmışdı. Heratlı bir dəmirçi gecə evinə qayıdarkən o zamanın polisləri tərəfindən yaxınlığında yaxalanan oğrularla birlikdə tutulub həbs edilir. Dəmirçi zindanda namaz qılıb, “Ya Rəbbi, bu işdə qəbahətim olmadığını ancaq Sən bilirsən. Məni buradan ancaq sən xilas edə bilərsən” deyə dua edər. Adil bir vali olan Abdullah bin Tahir o gecə bir yuxu görür. Güclü, qüvvətli dörd nəfərin  taxtını tərsinə çevirərkən oyanır. Dərhal dəstəmaz alıb iki rikət namaz qılıb, yenidən uzanıb yatır. Yenə o dörd nəfər taxtını tərs çevirdikləri zaman oyanır. Onda bir məzlumun ahı olduğunu anlayıb, zindan müdürünü çağırıb deyər ki:
- Zindanda bir məzlum varmı?
- Bilmirəm, amma biri dua edib göz yaşı tökür.
Dua edən məhkumu çağırıb halını xəbər aldıqda məsələ aydın olur. Vali, üzr istəyib deyir ki:
- Bu pulu götür və hər hansı bir arzun, bir işin olarsa da mənim yanıma gəl.
Dəmirçi, minnətsiz cavab verir:
- Haqqımı halal etdim, ancaq ehtiyacımı təmin etmək üçün gəlmərəm.
- Nə üçün?
- Mənim kimi bir kasıb üçün sənin kimi bir sultanın taxtını bir neçə dəfə tərsinə çevirən sahibimi qoyub, diləyimi başqasına ərz etməyim heç qulluğa yaraşarmı?
Qəzaya razı olmaq
Sual: “Bəlalara səbr etməyən, Allahın qəzasına razı olmamış olur” deyilir. Bəla, sıxıntı gəldikdə dua etmək də qəzaya rizaya əksdirmi?
CAVAB
Xeyr. Dua etmək dinin əmrinə əməl etməkdir. Bəlanın getməsi üçün müxtəlif səbəblərə yapışmaq da dinin əmridir.
Dua iki cürdür
Sual: Səbəblərə yapışmadan dua etmək doğrudurmu?
CAVAB
İstənilən şeyin səbəblərinə də yapışmaq lazımdır. Dua iki cürdür:
1- Lafzı dua: Allahü təaladan kəliməylə, yəni sözlə istəməkdir. Bu duanın qəbul olması üçün şərtlər vardır. Bu şərtlər; dua edənin Müsəlman olması, ixlas sahibi olması, namazlarına davam etməsi, fasiq (günahkar) olmaması, üzərində qul haqqı olmaması kimi xüsuslardır.
2- Feli dua: İstənilən şeyin səbəbinə yapışmaqdır. Allahü təala hər şeyi bir səbəblə yaratmaqdadır. Allahü təaladan bir şey istəyənin bu şeyin yaradılmasına səbəb olan şeyi etməsi lazımdır. Məsələn, bir yeri ağrıyanın ağrıkəsici bir dərmandan istifadə etməsi lazımdır. Bu dərmandan istifadə etməsi feli dua etmək sayılır. Feli duanın qəbul olması üçün səbəbin təsirinin mütləq olması, yaxşı bilinməsi lazımdır.
Müsəlmanın yaxşı və caiz olan şeylərin səbəblərini bilib dua üçün bu səbəbləri etməsi lazımdır. Bu səbəblər edildikdə Allahü təala istənilən şeyi yaradır, çünki səbəbləri olunan şeyi yaratması adətidir. Ac olanın bir şey yeməsi feli səbəbə yapışmaq, feli dua etmək olur. (Ey Oğul Elmihalı)
İstiğfar nə deməkdir?
Sual: Bir hədisi-şərifdə, “Ölmüş ana-atanız üçün istiğfar edin” buyurulur. Onlar üçün “Əstəğfirullah” deyəcəyik?
CAVAB
İstiğfar əfv diləmək, günahların əfv edilməsini istəmək deməkdir. Əstəğfirullah, “Ya Rəbbi, məni əfv et!” deməkdir. Hədisi-şərifdəki, “İstiğfar edin!” demək, “Ana-atanın günahlarının əfv edilməsi üçün lazım olan xeyir-həsənatı edin, onlar üçün dua edin!” deməkdir. Yəni, dua etmək, Quran oxumaq, sədəqə vermək və müxtəlif xeyir işlər görmək ölü üçün hər biri istiğfardır.
İmanla ölmək üçün
Sual: İmanla ölmək üçün bir dua vardırmı?
CAVAB
Doğru etiqada sahib olub haramlardan qaçan və ibadətləri yerinə yetirən insan iman ilə ölər. Namaz qılan şəxsin bu duanı oxuması yaxşı olar.
“Ya hayyü ya qəyyum ya zəl cəlali vəl ikram. Allahümmə inni əsəlükə ən tuhyiyə qalbi bi nuri mərifətikə əbədən ya Allah, ya Allah, ya Allah cəllə cəlalüh.”
“Bu duanı sübh namazının sünnəti ilə fərzi arasında oxuyan imanla ruhunu təslim edər.” [Tirmizi]
Hənəfi məzhəbində sünnəti ilə fərz arasında heç bir şey oxunmaz. Bu dua namazdan sonra dua edərkən oxunur. (Ey Oğul Elmihalı)
Duaya amin demək
Sual: Dua etmək ibadət olduğuna görə dua edənə amin deyən də ibadət etmiş kimi olur?
CAVAB
Əlbəttə amin deyən də ibadət etmiş olur. Bir hədisi-şərif məalı belədir:
“Dua edənlə amin deyənlər savabda ortaqdır.” [Deyləmi]
Amin deyənlər nə qədər çox olarsa, duanın qəbul olmaq ehtimali bir o qədər də çox olur. Bir topluluğun duasını Allahü təala geri çevirməz. Bir hədisi-şərif məalı belədir:
“Bir camaatda dua edilsə, digərləri də amin deyərsə, Allah o duanı qəbul edər.” [Hakim]
Bir topluluğun duası, şahidliyi çox mühümdür. İki hədisi-şərif məalı belədir:
“Qırx nəfər bir camaatdır. Bir ölüyə dua edərlərsə Allahü təala o ölünü əfv edər.” [Buxari]
“Siz kimin yaxşılıqlarını desəniz Cənnət ona vacib olar, kimin ki, pisliklərini desəniz ona da Cəhənnəm vacib olar. Siz yer üzündə Allahın şahidlərisiniz.” [Buxari]
Ehtiyacsız olan azar
Sual: “Duaya çox ehtiyacım var” deyən və dua istəyən yoldaşlar olduğu kimi buna heç ehtiyac duymayanlar da olur. Hansı daha yaxşıdır?
CAVAB
Möhtac olduğunu bilib dua edən və dua istəyən çox məqbuldur. Bir hədisi-şərif məalı:
“Ən aciz kəs dua etməkdən aciz olandır.” [Təbərani]
Peyğəmbər əfəndimiz də dua edər və Əshabından [yoldaşlarından] dua istəyərdi. Bir hədisi-şərif məalı:
“Qardaşım Ömər, dua edərkən bizi unutma!” [Tirmizi, Əbu Davud]
İnsan ehtiyacsız və aciz yaradılmasaydı çox azğın hala gələrdi. “Əgər Allahü təala insanın nəfsini qıran xəstəlik, aclıq və ölüm verməsəydi, insanlar azıb qudurardılar” buyurulmuşdur. İmam Rəbbani həzrətləri də, “Ehtiyacsızlık azgınlığa səbəb olur” buyurur. Bir ayəti-kərimə məalı:
“İnsan özünü ehtiyacsız zənn edərək azğınlıq edər.” [Ələq 6, 7]
İnsan özünü Rəbbinə qarşı  ehtiyacsız sanmamalı, əksinə aciz, möhtac bilməlidir. Belə olarsa hər nemətin Ondan gəldiyini bilər, Ona şükr etməyə çalışar. Bir hədisi-şərif məalı:
“Allahın nemətindən ehtiyacsız qalınmaz.” [Buxari]
İnsan ehtiyaclarını Allahdan gözləməli, insanlardan bir şey istəməməli, onların əlinə baxmamalıdır. Əgər belə edərsə, Allahü təala onu insanlara möhtac olmaqdan qurtarar. Bir hədisi-şərif məalı:
“İstiqna edəni Allah müstəqni qılar.” [Buxari]
İstiqna - Heç kimə möhtac olmamaq.
Müstəqni - ehtiyacsız.
Deməli, insanlara möhtac olmamaq, yəni heç kimdən bir şey gözləməmək, gözü tox olmaq lazımdır. Bir hədisi-şərif məalı:
“İnsanlara qarşı müstəqni olmaq şərəfdir.” [Deyləmi]