Əmanət mal
Sual: Əmanətçiliklə məşğulam. Bir yolçunun çantasını səhvən başqa birisinə vermişəm. Yolçunun çantasını ödəməyim lazımdırmı?
CAVAB
Ödəməyiniz lazımdır. Çünki siz onu pulsuz, Allah rizası üçün saxlamırsınız. Yalnız ödəniş almaq üçün saxlayırsınız. Yəni, onu saxlamaq sizin vəzifənizdir. İşiniz əmanətçilikdir. Laqeydliyiniz olmasa da ödəməyiniz lazımdır.
Etibarlı kimsəyə saxlamaq üçün verilən mala əmanət deyilir. Pulsuz qoyulan əmanət itsə ödənməz, ödənişli olan ödənilir. (Məcəllə)
Sual: Biri mənə saxlamaq üçün bir miqdar pul verdi. Masamın çəkməcəsinə qoydum. Çəkməcəni kilidləmədən ayaq yoluna getdim. Gələnə qədər kimsə pulu götürüb. Bu pulu ödəməyim lazımdırmı?
CAVAB
Laqeyd davranmırsınızsa, ödəməyiniz lazım deyildir. Ancaq çəkməcəni açıq qoymaq bir növ laqeydlikdir. Laqeyd  davranan ödəməlidir. Əgər çəkməcəniz qırılıb pul götürülsəydi, o vaxt laqeyd olmadığınız üçün ödəməyiniz lazım olmazdı.
Öz pulunuzu pencəyin iç cibinə, əmanət pulu pencəyin çöl cibinə qoymaq da laqeydlikdir. Əmanəti ən az öz pulumuz qədər möhkəm yerdə saxlamalıyıq.
Əmanətə riayətin dindəki yeri böyükdür. Müminun surəsinin başında qurtuluşa qovuşan möminlərin xüsusiyyətləri bildirilir. 8-ci ayədə də bunların əmanətə və əhdlərinə riayət etdikləri açıqlanır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Bu altı şeyi edəcəyinizə söz verin, mən də sizə Cənnətə girəcəyinizə söz verim. Bunlar, namaz qılmaq, zəkat vermək, əmanətə riayət, zinadan çəkinmək, halal yemək və dili [elfazı-küfr, yalan, qeybət, lənət, lazımsız söz kimi] pis sözdən qorumaqdır.” [Tabərani]
“Allah yolunda hərb bütün günahların əfvinə səbəbdir. Ancaq əmanətə xəyanətin əfvinə səbəb olmaz. Belə birisi [Allah yolunda öldürülən] qiyamətdə əmanəti ödəməyincə Cəhənnəmə atılar.” [Beyhəqı]
“Əmanətə riayət etməyənin imanı yoxdur.” [Tabərani]
[Burada imanı yox demək kamil imanı yox, imanı zəifdir deməkdir.]
“Ən pis şey əmanətə riayət etməməkdir. Çünki əmanətə riayət etməyənin dini yoxdur. Onun namazı da, zəkatı da qəbul olmaz.” [Bəzzar]
[Qəbul olmaz demək səhih olmaz demək deyil. Namazı və digər ibadəti səhih olar, borcdan xilas olar.
Amma namaz və zəkatdan hasil olacaq böyük savablara qovuşa bilməz.]
“Qiyamətə yaxın insanlar ticarətlərində, bir-birləriylə olan münasibətlərində əmanətə riayət etməzlər. Etibarlı insan çox azalar. “Filan yerdə etibarlı bir insan varmış” deyilər. O insanın qəlbində də xardal dənəsi qədər iman yoxdur.” [Müslim]
“Əmanətə riayət edilməzsə, zəkat çətinliklə verilərsə, elm dinə xidmət üçün deyil, pul və vəzifə üçün öyrənilərsə, kişi xanımının dinə zidd arzusuna itaət edərsə, ana-atasına üsyan edərsə, fasiq və əhli olmayanlar iş başına gətirilərsə, pisliyindən qorxub zalıma hörmət edilərsə, qeyri-qanuni əlaqələr, çalğılı-spirtli içkili yerlər çoxalarsa, yeni nəsil əvvəlkiləri [Əshabi-kiramı və digər alimləri] pisləyərsə, o vaxt müxtəlif bəlaya məruz qalarlar.” [Bəzzar]
Sual: Əmanət verilən puldan istifadə edərək pul qazanmaq haram olarmı?
CAVAB
Bəli, haram olar. Qazanılanı kasıba vermək lazımdır. Əgər borc kimi və ya istifadə etmək üçün icazə alınsaydı, o vaxt zərəri olmazdı.
Əmanətə riayət
Sual: Əmanət alınan bir şeyin yerinə bir başqasını verməkdə və ya dəyərini ödəməkdə zərər vardırmı?
CAVAB
Əmanət verənin razılığı ilə caiz olar. Ancaq əmanətə riayət etmək, zərər vermədən eynisini qaytarmaq lazımdır. Əmanətə zərər gəlmişsə, ödəmək lazımdır. Əmanətə riayət mövzusunda Peyğəmbər əfəndimiz buyurur ki:
“Loğman əleyhissəlama bu dərəcəyə necə çatdığı soruşulanda, bu üç şeylə çatdığını söylədi:
1- Əmanəti yerinə qaytarmaqla,
2- Doğru söyləməklə,
3- Malayanini [faydasız söz və işi] tərk etməklə.” [İ.Əxlaqı]
Allahu təala Cənnətə girəcək Müsəlmanları tərifləyərkən məalən buyurur ki:
“Onlar əmanətə riayət edərlər [yaxşıca istifadə edib, yerli yerinə verərlər], sözlərini yerinə yetirərlər. [Öz aralarındakı sözləşmələrə əməl edər və Allahu təalaya qarşı vəzifələrini yerinə yetirərlər.]” [Muminun 8] (Cəlaleyn təfsiri)
Əmanət oğurlanarsa
Sual: Etibar etdiyimiz bir yoldaşa əmanət kimi verdiyimiz pul və ya bir mal oğurlanarsa, yoldaş bunu ödəməyə məcburdurmu?
CAVAB
Etibar edilən adama saxlamaq və qorumaq üçün verilən mala əmanət deyilir. Belə bir əmanət itsə və ya oğurlanarsa ödəmək lazım deyildir. (Məcəllə)
Əmanətə öz malı kimi baxarkən itsə və ya oğurlanarsa ödəməz, amma laqeydlik edibsə ödəyər. Məsələn; əmanət pulu pencəyinin çöl cibinə, öz pullarını iç cibinə qoyarsa və ya öz pulunu polad kassaya, əmanət pulu açıq yerə qoyarsa, çöl cibdəki və ya açıqdakı oğurlanarsa, əmanət alanın laqeyd olduğu üçün pulları ödəməsi lazımdır.